Bu il texnologiya dünyasında ən çox gözlənilən hadisə süni intellektin “Chat GPT-5” modelinin buraxılması olacaq. Əvvəlki versiyaların bir çox istifadəçisi bu əlamətdar günü səbirsizliklə gözləyir, lakin dünyanın ən qabaqcıl süni intellekt sistemlərindən birinin yaranması ekspert dairələrində birmənalı qarşılanmır. “GPT-5” nədir, yeni neyron şəbəkənin potensialı və imkanları nədən ibarətdir, onun tətbiqi hansı fəsadlara gətirib çıxara bilər? AZƏRTAC xəbər verir ki, ekspertlər bu suallara cavab tapmağa çalışırlar.
GPT ABŞ-ın “OpenAI” şirkəti tərəfindən buraxılmış, təbii dil emalı alqoritmi kimi də tanınan generativ əvvəlcədən təlim görmüş transformatordur. Neyron şəbəkənin əsas xüsusiyyəti onun məlumatı yadda saxlamaq və təhlil etmək və bu əsasda ardıcıl və məntiqi mətn yaratmaq qabiliyyətidir. Güclü dil modeli fərqli sözlər arasında əlaqə tapmağa, kəlmə və cümlələrin ən məntiqi ardıcıllığını hesablamağa imkan verən “transformator” arxitekturasına malikdir.
2018-ci ildə tərtibatçılar bu neyron şəbəkənin GPT-1 adlı ilk tamhüquqlu versiyasını buraxdılar. Birinci versiyanın uğurla buraxılmasından sonra “OpenAI” mütəxəssisləri GPT-2, GPT-3 və “ChatGPT”ni inkişaf etdirdilər. Sonuncu, danışıq rejimində işləyən süni intellektli chatbotdur. O, “GPT-3.5” dil modelinin təkmilləşdirilmiş versiyasına əsaslanır. Nəhayət, keçən ilin mart ayında GPT-4-ün son versiyası buraxıldı. Neyron şəbəkənin 4-cü versiyasının mühüm üstünlüyü onun müxtəlif fənlər üzrə imtahan və testlərdən keçmək qabiliyyətinin təkmilləşdirilməsi idi. Bu versiya bir sıra fənlər üzrə əla nəticələr göstərərək, sələfi GPT-3.5-in göstəricilərini nəzərəçarpacaq dərəcədə üstələdi.
Bu il isə yeni - “Chat CPT-5” modeli buraxılacaq. Bəs yeni versiyanın əvvəlkindən fərqi nədən ibarətdir? GPT-4-dən sonra “OpenAI” süni intellekti növbəti səviyyəyə qaldırmağı vəd edir. Gözlənilir ki, yeni nəsil nümunə güc nisbətində əvvəlkindən xeyli üstün olacaq. Bu modelin əsas məqsədi bəşəriyyəti AGI-nin (generativ süni intellekt) yaradılmasına - insan beyni kimi mətnlərin yazılmasından tutmuş ağıllı evin idarə edilməsinə qədər geniş spektrli vəzifələri yerinə yetirməyə qadir olan ağıllı maşına daha da yaxınlaşdırmaqdır.
“Chat GPT-5” daha mükəmməl və yaradıcı mətnlər yarada, əla tərcümə edə, fərqli tipli yaradıcı mətnlər yaza, müxtəlif mövzularda suallara cavab verə və təbii dilin işlənməsi ilə bağlı bir çox digər tapşırıqları yerinə yetirə biləcək. Bu versiyanın buraxılması bu ilin əvvəlindən gözlənilirdi, lakin dəqiq tarix hələ məlum deyil. “OpenAI” artıq bu modeli öyrətməyə başlayıb. Şirkətdən bildiriblər ki, proses adətən sınaq və dəqiqləşdirmə üçün vaxt da daxil olmaqla bir neçə ay çəkir.