Telekommunikasiya avadanlığı istehsalçısı olan Amerikanın “Cisco” şirkəti süni intellekt və kibertəhlükəsizlik kimi sürətlə inkişaf edən sahələrə diqqəti cəmləmək üçün personalın sayının 7 faiz ixtisar edəcəyini bildirib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hazırda “Cisco” tədarük zəncirindəki fasilələr və pandemiyadan sonra tələbatın yavaşlaması səbəbindən çətinliklər yaşayan nəhəng şəbəkə avadanlığı istehsalı biznesindən asılılığının azaldılması məsələsi üzərində işləyir. Fevral ayında şirkət bildirib ki, qlobal işçi qüvvəsinin 5 faizini və ya 4 mindən çox iş yerini ixtisar edəcək.
“Running Point Capital”ın baş investisiya direktoru Maykl Eşli Şulmanın sözlərinə görə, ixtisarlar “Cisco” şirkətinə maliyyə öhdəliklərini balanslaşdırmaqla və məhsullarının çeşidində aparat təminatının faizini azaltmaqla, eyni zamanda proqram təminatı, xidmətlər, süni intellekt və kibertəhlükəsizlik kimi sahələri diqqət mərkəzində saxlamağa imkan verəcək.
Şirkət cari rübdə nikbin gəlirləri proqnozlaşdırdıqdan sonra onun səhmləri uzunmüddətli hərraclarda 5 faiz artıb. “Biz ehtiyatlardan istifadəni başa çatdırdıq və indi daha normallaşdırılan tələbat mühitinə qayıdırıq”, - deyə baş direktor Çak Robbins analitiklərə bildirib.
Vurğulanır ki, LSEG-in məlumatına əsasən, şirkət birinci rübdə 13,65-13,85 milyard dollarlıq gəlir gözləyir ki, bu, analitiklərin 13,71 milyard dollar məbləğində proqnozlaşdırdığı ortalamadan yüksəkdir.