Türkiyənin xarici işlər naziri Misirə səfər edəcək

post-img

Avqustun 4-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Misir Ərəb Respublikasına rəsmi səfər edəcək. Səfər çərçivəsində Hakan Fidanın Türkiyədən Qəzzaya göndərilən humanitar yardımla bağlı Əl-Əriş və Rəfah sərhəd-keçid məntəqələri, eləcə də Misirin Qızıl Aypara Cəmiyyətinin logistika mərkəzini ziyarət etməsi gözlənilir.

 

AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumatda səfər zamanı ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələr və bölgədə baş verən son hadisələrin də müzakirə olunacağı vurğulanıb.

 

Misirin xarici işlər, miqrasiya və xaricdəki misirlilər naziri Bedr Abdulatinin dəvəti ilə baş tutacaq səfər zamanı iki nazirin ilk rəsmi görüşü keçiriləcək.

 

Nazirlər, həmçinin Misir Prezidenti Əbdülfəttah Əs-Sisin Türkiyəyə planlaşdırılan səfəri zamanı keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparacaq, iclasda imzalanması gözlənilən 20-yə yaxın sazişlə bağlı mövcud vəziyyəti dəyərləndirəcəklər.

 

Görüş zamanı enerji, səhiyyə, turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları, eləcə də iki ölkə arasında 10 milyard dollara yaxınlaşan ticarət həcminin 15 milyard dollara çatdırılması hədəfinin müzakirəsi də gözlənilir.

Dünya