Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada bu gün işə başlayan sammitində Rusiya prezidentinin Türkiyəyə səfərinin perspektivlərini müzakirə edəcəklər. Bu barədə iyulun 3-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə bildirib. Məlumatı “İzvestiya.ru” verib.
“Prezident Putinin Türkiyə Cümhuriyyətinə səfəri mövzusu gündəmdə qalır, o, razılaşdırıla bilən zaman mütləq baş tutacaq. Bu gün belə bir səfərin perspektivlərini müzakirə etmək üçün yaxşı fürsət olacaq”, - Peskov bildirib.
O qeyd edib ki, liderlərin Astanada görüşmək qərarı qarşılıqlı olub.
Peskovun sözlərinə görə, Moskva ilə Ankara arasında normal iş prosesinin əlaməti olan həll olunmamış məsələlər qalır, çünki ikitərəfli münasibətlərlə bağlı çox iş görülən yerdə onlar qaçılmaz olaraq ortaya çıxır. Eyni zamanda, onların həlli üçün siyasi iradə var, ikitərəfli münasibətlər və ticari-iqtisadi qarşılıqlı fəaliyyət lazımi səviyyədədir. Peskov əlavə edib ki, prezidentlərin görüşünün gündəmində Suriyadakı vəziyyət olacaq.
Rusiya liderinin mətbuat katibi onu da bildirib ki, ŞƏT sammiti çərçivəsində Putin BMT-nin baş katibi Antonio Quterreşlə əlaqə saxlamaq imkanı əldə edəcək.
P.ƏMİRCANOV
XQ