Ukrayna və ABŞ müdafiə nazirləri arasında telefon danışığı

post-img

Ukraynanın müdafiə naziri Rustem Umerov ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib. 

“Biz cəbhədəki mövcud vəziyyəti müzakirə etdik. Ali Baş Komandan Aleksandr Sırski döyüş meydanındakı vəziyyət haqqında ətraflı məlumat verdi. Mən amerikalı həmkarıma səfərbərlik və döyüş briqadalarımızın bərpası prosesi haqqında ayrıca məlumat verdim. Bizim əsas problemimiz hava hücumundan müdafiə və sursat məsələsi olaraq qalır”, - Umerov Facebook-da yazıb.

Müdafiə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, “Rusiya bütün cəbhə xətti boyunca idarə olunan bombalar atmaqda davam edir”.

O vurğulayıb ki, “Ukraynanın düşmən ərazisinə zərbə endirmək hüququ olmalıdır”.

Pentaqonun sözçüsü Patrik Rayder, öz növbəsində, qeyd edib ki, Ostin ukraynalı həmkarlarına ABŞ-nin Kiyevə yeni hərbi yardım paketləri, xüsusən də mayın 24-də açıqlanan 275 milyon dollarlıq paket haqqında danışıb.

“Nazirlər Ostin və Umerov həm də müttəfiqlərin və tərəfdaşların Ukraynaya Rusiya təcavüzü ilə mübarizəni davam etdirməsinə kömək üçün davamlı güclü dəstəyin vacibliyini müzakirə ediblər”, - bəyanatda deyilir.

P.ƏMİRCANOV
XQ

Dünya