Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Osmanlı imperiyası tərəfindən fəth edilməsinin 571-ci ildönümü ilə bağlı müraciət edib. Məluamtı “Anadolu” verib.
Dövlət başçısı bu hadisəni həm Türkiyə, həm də dünya tarixinin parlaq qələbələrindən biri adlandırıb. “Dünyanın və tariximizin ən böyük zəfərlərindən biri olan İstanbulun fəthinin 571-ci ildönümünü qeyd edirəm”, - deyə Türkiyə lideri bildirib.
Türkiyə prezidenti “bu tarixi qələbənin qalıcı əhəmiyyətini” vurğulayıb.
Ərdoğan Fatih Sultan Mehmetin rəhbərlik etdiyi Osmanlı qüvvələrinə xas olan “hərbi düha, qətiyyət və əzmkarlığı” da vurğulayıb. Onun sözlərinə görə, bu qələbə Osmanlı İmperatorluğunun genişlənməsinə töhfə verməklə yanaşı, İstanbulu müxtəlif mədəniyyətlərin və inancların qovuşduğu məkana çevirib. O qeyd edib ki, bu, böyük ölçüdə Sultan Mehmetin “tolerantlıq və ədalətli idarəçilik” üzərində dayanan baxışından qaynaqlanıb.
Siyasətçi İstanbulun müasir dünyada rolunu da qeyd edib: “Tarixin izlərini bu günə qədər daşıyan və sənət adamları üçün ilham mənbəyi olan İstanbul bu gün biznes, maliyyə, mədəniyyət və dini mərkəz kimi dünyanın aparıcı şəhərləri sırasında yer alır”.
Dövlət başçısı Sultan Mehmet dövrü ilə Türkiyənin müasir arzuları arasında paralellər apararaq qeyd edib ki, eyni “əzm və inam” ruhu ölkəni yeni, Türkiyənin yüzilliyi konsepsiyası çərçivəsində hədəflərə doğru aparır: “İstanbulun fəthinin 571-ci ildönümü münasibətilə dünya miqyasında misilsiz gözəlliklərə malik bu şəhəri bizə miras qoyan Fatih Sultan Mehmetin və şəhidlərimizin xatirəsini ehtiram və rəhmətlə anıram”.
P.ƏMİRCANOV
XQ