Stoltenberq: NATO Qara dəniz regionunda hərbi mövcudluğunu gücləndirəcək

post-img

NATO alyansa birbaşa hücum təhlükəsi görmür, lakin Qara dəniz regionu da daxil olmaqla, hərbi mövcudluğunun artırılmasını zəruri hesab edir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO Rusiya ilə münaqişə axtarmır və Ukraynaya dəstək Şimali Atlantika Alyansını münaqişə tərəflərindən birinə çevirmir.

“Biz heç bir NATO ölkəsinə silahlı hücum təhlükəsi görmürük, lakin Ukraynada müharibə davam etdikcə və Qara dəniz regionunda qeyri-sabitlik hökm sürürsə, ayıq-sayıqlığımızı artırmağa, yerdə və havada mövcudluğumuzu artırmağa ehtiyac var.  Biz, həmçinin NATO daxilində hərbi imkanlarımızı sürətlə gücləndirmək və ya dəyişmək qabiliyyətimizi artırmaq üçün inteqrasiya olunmuş raketdən müdafiə sisteminin inkişafına daha çox sərmayə qoymağa razılaşdıq”, - deyə cənab Stoltenberq NATO Parlament Assambleyasının sessiyasındakı çıxışı zamanı bildirib.

O, dəqiqləşdirib ki, NATO Ukraynanı dəstəkləyəcək, lakin Ukraynadan kənarda münaqişənin genişlənməsinə imkan verməyəcək. “Buna görə də bizim Ukraynada NATO qüvvələrini yerləşdirmək və ya NATO texnikasını Ukrayna hava məkanına göndərmək planımız yoxdur”, - deyə baş katib qeyd edib.

Cənab Stoltenberq çıxışı zamanı, həmçinin təsdiqləyib ki, o, Rusiya Federasiyası ərazisində “qanuni hədəflərə” hücumlar üçün Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır. O, bu çağırışı rəsmi olaraq keçən həftə etmişdi. Onun sözlərinə görə, “Ukraynaya verilən silahlar Ukraynanındır və bizim olmaqdan çıxıb və Ukraynanın özünümüdafiə hüququ var”.

Mayın ortalarında Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirmişdi ki, London yarımadanı Ukrayna ərazisinin bir hissəsi hesab etdiyi üçün Kiyevə Krıma hücuma icazə verib. “The New York Times” keçən həftə yazıb ki, ABŞ dövlət katibi Antoni Blinken Ağ Evə Rusiyaya qarşı zərbələrə qoyulan qadağanı aradan qaldırmağı təklif edib, lakin ABŞ hələ ki, rəsmi olaraq belə bir qərar qəbul etməyib. NATO baş katibinin çağırışı Polşa tərəfindən rəsmən dəstəklənii, Almaniya isə buna qarşı çıxıb.

S.ELAY

XQ

Dünya