Paşinyan: “Tarixi Ermənistan” axtarışını dayandırmalıyıq

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkə “tarixi Ermənistan” axtarışını dayandırmalıdır. Hazırda Ermənistan ermənilərin məskunlaşdığı 29 min 743 kvadrat kilometr torpaqdan ibarətdir. Məlumatı “Anadolu” verib. 

Ermənistan Milli Assambleyasının deputatlarının suallarını cavablandıran baş nazir Paşinyan qeyd edib ki, onların idarəçilik sahəsində çox böyük qarşılıqlı anlaşma problemləri var və bu problemləri lazımi vaxtda və düzgün şəkildə həll etmək mümkün deyil. O, problemlərin həlli üçün səy göstərdiyini bildirib.

Paşinyan əlavə edib ki, problemlərin həlli yolunu göstərə biləcək dövlət baxışı və anlayışı yarada bilməyiblər və bu, ayrı-ayrı şəxslərin münasibətində özünü göstərir. Ölkəsi 1991-ci ildə müstəqillik əldə edəndə 20 ildən sonra ölkənin necə olacağı barədə barədə proqram hazırlamaq mümkün olmayıb. Bu problemin hələ də qaldığını və Ermənistana real baxışın lazım olduğunu vurğulayan Paşinyan bildirib ki, ölkənin sosial psixologiyasında ən mühüm məsələlərdən biri “itirilmiş Ermənistanın axtarışıdır”. 

Paşinyan davam edib: “Biz vətən içində vətən axtarırıq. İndi bizim siyasi mesajımız budur. Hörmətli vətəndaşlar, hörmətli Ermənistan Respublikasının vətəndaşları, biz “tarixi Ermənistan” axtarışını dayandırmalıyıq, çünki biz bu vətəni tapmışıq. Bu vətən 29 min 743 kvadratkilometr suveren ərazini özündə birləşdirən Ermənistan Respublikasıdır”.

Ermənistanın baş naziri qeyd edib ki, ikinci mühüm məsələ hüquqi münasibətlər nizamının əsasını təşkil edən konstitusiyadır və konstitusiya islahatları dövlət daxilində xalqın həyat şəraitinin müqəddəratını təyinetmə prinsipinə əsaslanmalıdır. Bu, suverenliyin ən böyük istiqamətidir.

 

P.ƏMİRCANOV

XQ

Dünya