Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Fransaya dövlət səfəri ilə gəlib. Sonra cənab Cinpinin Macarıstan və Serbiyaya da səfər edəcəyi bildirilir. Siyasi şərhçilərin sözlərinə görə, Parisdə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin də qatılacağı danışıqlar əsas suala cavab vermək məqsədi daşıyır: Çin və Avropa ABŞ-da artan Çin əleyhinə tendensiya fonunda qarşılıqlı faydalı tərəfdaşlıq qura biləcəklərmi? ÇXR sədri Avropa İttifaqının “köhnə qitə”də Çin kapitalının qarşısını almayacağına və Çinə investisiyaların genişləndirilməsinə hazır olduğunu göstərəcəyinə dair zəmanətlər gözləyir. Öz növbəsində, çətin dövrlərdən keçən Avropa iqtisadiyyatı üçün Pekin ilə daha əlverişli tərəfdaşlıq şərtlərinə nail olmaq vacibdir. Si Cinpinin turnesi həm də Çinin Ukraynadakı münaqişənin həllində hansı rolu oynaya biləcəyini müəyyən etməlidir.
ÇXR-in sədri Si Cinpinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 60 illiyi münasibətilə bazar ertəsi Parisə dövlət səfəri Fransa prezidenti Emmanuel Makronun Çinə səfərindən bir il sonraya təsadüf edir. Keçən ilin aprelində Çinə səfərindən sonra o, Avropanın “strateji muxtariyyətinin” əhəmiyyəti barədə bir sıra yüksək səslə bəyanatlar vermişdi. E.Makronun fikrincə, Avropa Vaşinqtondan daha böyük müstəqilliyə sahib olmalı və ABŞ və Çinlə birlikdə “üçüncü super güc” olmağa çalışmalıdır. Fransa prezidentinin həmin açıqlamaları ABŞ Konqresində kəskin tənqid olunmuşdu. Bir sıra nüfuzlu respublikaçılar E.Makronun Fransa adından və ya bütün Avropadan çıxış edib-etmədiyini aydınlaşdırmağı tələb etmişdilər.
Amma bir il sonra ABŞ və Çin arasında ziddiyyətlər daha da kəskinləşdi, bunu ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə bu yaxınlarda etdiyi səfər də sübut etdi. Son sorğular da göstərir ki, Çinə mənfi baxan amerikalıların sayı 81 faizdir. Ötən həftənin sonunda Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns xatırlatmışdı ki, Pekin Vaşinqtonu Kommunist Partiyasının mövqeyini sarsıtmaqda və Çinin böyüməsini və texnoloji inkişafını məhdudlaşdırmaqda ittiham edir. Bu vəziyyətdə prezident Makron, keçən ilin aprelində Çinə səfərindən və Çin lideri Si Cinpin ilə ünsiyyətdən sonra ilk dəfə elan etdiyi Avropa üçün “strateji muxtariyyət” konsepsiyasının etibarlılığını sübut etmək üçün ikinci dəfə cəhd etməli olacaq.
Si Cinpinin səfəri ərəfəsində bildirildiyi kimi, Fransa prezidenti Parisdəki danışıqlarla yanaşı, “daha yaxın şəxsi əlaqələr” qurmaq üçün Çin liderini ölkənin cənub-qərbinə səfəri zamanı müşayiət etmək niyyətindədir. ÇXR sədri ilə danışıqlar ərəfəsində prezident Makron “La Tribune” nəşrinə müsahibəsində demişdi ki, Pekin Avropa lazımdır: “İstər iqlim, istərsə də təhlükəsizlik problemləri olsun, Çinə ehtiyacımız var. Fransa və Avropanın rolu, Çini bu vacib məsələlərlə bağlı beynəlxalq müzakirələrdə iştirak etməyimizə imkan verəcək bir tarazlıq qüvvəsi olmaqdan ibarətdir”. Cənab Cinpin ilə danışıqların ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxması və Çinin Avropa ilə qarşılıqlı əlaqələrinin necə qurulacağına dair müzakirəyə çevrilməsi üçün Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də bazar ertəsi Parisə gəlib. Belə ki, Si Cinpinin səfərinin ilk günündə Parisdə Aİ-Fransa-Çin üçtərəfli görüşü keçiriləcək.
Bəs Çin tərəfinin gözləntiləri nədən ibarətdir? Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jianın sözlərinə görə, Pekin sammitin Çin-Fransa hərtərəfli strateji tərəfdaşlığını yeni səviyyəyə qaldıracağına, həmçinin "Çin-Aİ münasibətlərinin sağlam və sabit inkişafına yeni təkan verəcəyinə və dünyada sülhün, sabitliyin, inkişafın və tərəqqinin təşviqinə yeni töhfə verəcəyinə" ümid edir. “Çin və Aİ qarışıq beynəlxalq vəziyyət qarşısında bir-birini düzgün başa düşməli, qarşılıqlı anlaşma və etimadı gücləndirməli, razılaşmalara və əməkdaşlığa diqqət yetirməli, maneələri və çətinlikləri aradan qaldırmalı, fikir ayrılıqlarını düzgün idarə etməli və qlobal problemlərin həllində birgə işləməlidir”.
Çinin Aİ ilə münasibətlərinin ABŞ ilə olduğu qədər ziddiyyətli görünməməsinə baxmayaraq, “Köhnə qitə”də ümumi atmosfer Vaşinqtonun müəyyən etdiyi tendensiyanın təsiri altında pisləşməkdə davam edir. Bu ilin fevralında 13-cü sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı ilk dəfə olaraq Rusiyaya Avropada istehsal olunan ikili təyinatlı mallara çıxış əldə etməkdə kömək etməkdə ittiham edilən dörd Çin şirkətini “qara siyahı”ya salmışdı. Bundan əlavə, “Bloomberg” mənbələrə istinadən Çin şirkətlərinin Aİ-nin 14-cü sanksiyalar paketinə daxil edilməsinin mümkünlüyü barədə məlumat yayıb. Agentliyin məlumatına görə, Çin və Honq-Konqdakı şirkətlər Avropa İttifaqının geniş ticarət məhdudiyyətlərinə baxmayaraq, o zaman Rusiya ordusu tərəfindən istifadə edildiyi iddia edilən malları Avropadan idxal edirdilər.
Bundan əlavə, Avropa İttifaqında Çindən texnoloji asılılıqla bağlı narahatlıqlar artır. Aİ diplomatiyasının rəhbəri Josep Borrell “Avropanı daha yaxşı qorumaq üçün üç fəaliyyət istiqaməti” başlıqlı son məqaləsində problemi bu gün Brüsseldə belə təsvir edib: “Çinə gəldikdə, biz konkret sahələrdə həddindən artıq asılılığımızı azaltmalıyıq, xüsusilə yaşıl və rəqəmsal transformasiyamızı dəstəkləyən və ticarət əlaqələrimizi yenidən tarazlayanlar". Çin hökumətinin yüksək texnologiyalı istehsala böyük sərmayə qoyuluşu planlarını açıqladığına diqqət çəkən Avropa diplomatiyasının rəhbəri Aİ-nin özünü “haqsız rəqabətdən” qoruyacağı və artıq Çinin elektrik avtomobilləri və günəş panellərinə qarşı tədbir gördüyü barədə xəbərdarlıq edib.
Siyasi müşahidəçilərin sözlərinə görə, Çin kapitalının gələcəkdə Avropada bloklanmayacağına dair avropalılardan zəmanət almaq mümkün olarsa, ÇXR bu səfəri uğurlu hesab edəcək. Bundan əlavə, Pekin Aİ nümayəndələrinin Çində ilk növbədə texnologiya sahəsinə investisiyaları genişləndirmək istəyinə ümid edir. Pekinə pul deyil, texnoloji sərmayə lazımdır.
S.ELAY
XQ