Rusiyanın hazırda fəaliyyətdə olan dövlət başçısı, prezidentliyə namizəd Vladimir Putin prezident seçkiləri üzrə səsvermənin başa çatmasından sonra özünün seçki qərargahına gəlib və orada jurnalistlərin suallarını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna münaqişəsindən bəhs edən V.Putin qeyd edib ki, Rusiya hakimiyyəti Belqorod vilayətində yaranmış vəziyyətlə əlaqədar Ukraynaya bitişik ərazilərdə “müəyyən sanitar zona” yaratmağa məcbur ola bilər. O, həmçinin gələcəkdə bilavasitə Rusiya ilə NATO arasında münaqişəni istisna etməyib, hərçənd, siyasətçinin sözlərinə görə, heç kim bu addımın atılmasında maraqlı deyil.
Müxalifətçi Aleksey Navalnı haqqında sualı cavablandıran V.Putin qeyd edib ki, onun ölümü “kədərli hadisədir”. O bildirib ki, Navalnını bir daha Rusiyaya qayıtmamaq şərti ilə Qərbdəki məhbuslarla dəyişdirməyə hazır idi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva