ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan TikTok sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar. Bu barədə “The Hill” qəzeti xəbər verir.
Amerikalıları xarici rəqiblərin idarə etdiyi proqramlardan qorumaq üçün qanun layihəsinin müəllifləri respublikaçı Mayk Qallaher və demokrat Raja Krişnamurtidir. Sənəddə “ByteDance” və TikTok-u “əcnəbi bədəməllər” tərəfindən idarə olunan proqramlar kimi qiymətləndirilir. Həm də Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin rəhbəri Mayk Qallaher mətbuata bildirib ki, bu, onun TikTok-a mesajıdır: “Çin Kommunist Partiyası ilə əlaqənizi kəsin və ya amerikalı istifadəçilərinizə girişinizi itirin”.
CNN xəbər verir ki, Nümayəndələr Palatası martın 1-də qanun layihəsinə baxıb və təsdiqləyib. Təşəbbüs qəbul olunarsa, TikTok-un sahibi olan “ByteDance”in ABŞ-dakı biznesini satmaq üçün 5 ay vaxtı olacaq. Onlayn proqram mağazaları Google və Apple proqramın satışını və onu dəstəkləməyi dayandırmağa məcbur olacaqlar.
CNBC-nin verdiyi məlumata görə, TikTok nümayəndələri öz bəyanatlarında qanun layihəsini sosial şəbəkəyə birbaşa qadağa adlandırıblar. Onların fikrincə, təşəbbüs 170 milyon ABŞ vətəndaşının hüquqlarını məhdudlaşdırır və 5 milyon kiçik biznesi reklam və layihələrin hazırlanması, həmçinin iş yerlərinin yaradılması platformasından məhrum edəcək. ABŞ mətbuatı yazır ki, qanun layihəsi ABŞ prezidentinə “əcnəbi bədməllər” tərəfindən idarə olunan digər tətbiqləri qadağan etməyə imkan verəcək.
Xatırladaq ki, ABŞ-da TikTok-a ilk qadağalar 2020-ci ildə başlayıb. Birinci qadağa rəsmi cihazlarda sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlər ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrində tətbiq edilib. Sabiq prezident Donald Trampın administrasiyası federal qadağa tətbiq etməyə çalışsa da, TikTok-un başlatdığı məhkəmə çəkişməsi bunun qarşısını alıb. Prezident Co Bayden bu proqramın dövlət işçilərinin rəsmi cihazlarında istifadəsini qadağan edən fərman imzalayıb, bundan sonra ABŞ-ın 34 ştatı yerli məmurlar üçün oxşar qadağalar qəbul edib.
S.ELAY
XQ