ABŞ-ın Dövlət katibi Entoni Blinken müavini Viktoriya Nulandın istefa verəcəyini açıqlayıb. Məlumatı “İnterfaks.ru” verib.
Bununla bağlı bəyanatda deyilir: “Viktoriya Nuland mənə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini yaxın həftələrdə tərk etməyi planlaşdırdığını bildirdi”.
Blinken qeyd edib ki, o, ABŞ Prezidenti Co Baydenlə birlikdə dövlət katibinin idarəetmə üzrə müavini Con Bassdan Dövlət Departamentinin siyasi məsələlər üzrə müvəqqəti müavini vəzifəsini icra etməyi xahiş ediblər. Bass uzun illər Dövlət Departamentində çalışıb. Xüsusilə, 2009-2012-ci illərdə ABŞ-ın Gürcüstanda, 2014-2017-ci illərdə Türkiyədə, 2017-2020-ci illərdə isə Əfqanıstanda səfir vəzifələrində çalışıb.
Bəyanatda deyilir ki, Blinken Dövlət Departamentindəki fəaliyyətinə görə Nulanda təşəkkür edib.
Dövlət katibi qeyd edib ki, Nuland “üç il yarım ərzində” dövlət xidmətində olub və altı ABŞ prezidenti və on dövlət katibinin tabeliyində çalışıb. O, vaxtının çox hissəsini Dövlət Departamentində keçirib. Xüsusilə, Ukrayna və Rusiya mövzusunda çox işləyib.
P.ƏMİRCANOV
XQ