Tokayev BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb

post-img

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyasının plenar iclası zamanı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev təşkilatın Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb. Bu barədə Qazaxıstan mətbuatı yazıb.

Tokayev beynəlxalq mübahisələrin həlli yollarının tapılmasında diplomatiya və dialoqun üstünlük təşkil etməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, qlobal institutların mövcud sisteminin sabit işləməsi mühüm vəzifədir və Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmadan bu problemlərin həllində uğur əldə etmək mümkün deyil. 

Tokayev Təhlükəsizlik Şurasında “orta güclərin” və bütün inkişaf etməkdə olan ölkələrin səslərini gücləndirmək və daha aydın eşitmək zərurətinə inandığını ifadə edib: “Təhlükəsizlik Şurasının işində mövcud durğunluq şəraitində onun təmsilçiliyini təkmilləşdirmək lazımdır ki, digər ölkələr, o cümlədən Qazaxıstan sülh və təhlükəsizliyin qorunmasında daha mühüm rol oynaya bilsin”.

Qazaxıstan Prezidenti, həmçinin digər ölkələri də Şanxay Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi Qazaxıstanın təklif etdiyi ədalətli sülh və harmoniya üçün qlobal birlik təşəbbüsünə qoşulmağa çağırıb.

Tokayev sonda əlavə edib ki, təşəbbüs yeni təhlükəsizlik paradiqmasını, ədalətli iqtisadi mühitin yaradılmasını və təmiz planetin təmin olunmasını ehtiva edir.

 

Rizvan FİKRƏTOGLU

XQ

Dünya