Türkiyə XİN: Avropa parlamentinin hesabatı dezinformasiyaya əsaslanır

post-img

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin sentyabrın 13-də açıqladığı 2022-ci illə bağlı hesabatı pisləyib. Məlumatı “Anadolu” verib. 

Sənəddə deyilir: “Hesabat antitürk dairələr tərəfindən yayılmış dezinformasiyalara əsaslanır və ədalətsiz ittihamlarla, qondarma fikirlərlə doludur. O, həm də Avropa Parlamentinin bizim ölkəyə, eləcə də Aİ-nin gələcəyinə qarşı münasibətdə səmimiyyətdən və uzaqgörənlikdən kənar yanaşmanı hələ də qoruyub saxladığını göstərir”. 

Türkiyə XİN-in bəyanatında bildirilir ki, hesabat, eyni zamanda, Avroparlament üzvlərinin populist siyasətin əsiri olmaqda qaldığını və “həm Aİ-yə, həm də regiona yanaşmada düzgün strateji siyasət hazırlamaqdan uzaq olduğunu nümayiş etdirir”. 

Bəyanatda daha sonra qeyd edilir: “Sabitlik və təhlükəsizlik üçün bu qədər kritik, Türkiyə və Aİ arasında canlanma üçün imkanlar pəncərəsinin açıldiğı bir məqamda Avroparlamentin bizim ölkənin Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı danışıqlara başlamaq əvəzinə, belə addımlar atmasını düzgün hesab etmirik”. 

Paşa ƏMİRCANOV
XQ

Dünya