Əlcəzair tədrisdə fransız dilindən imtina edir

post-img

Əlcəzairdə 2023-2024-cü tədris ilindən etibarən universitetlərdə fransız dilindən imtina və ingilis dilindən istifadə barədə qərar verilib. “Xalq qəzeti” xəbər verir ki, bu barədə algeriascoop.com portalı məlumat verib. 

Əlcəzair Ali Təhsil Nazirliyi gələn tədris ilindən etibarən universitetlərdə fransız dili əvəzinə ingilis dilinin keçiləcəyi ilə bağlı hazırlıqlara başlayıb.

Nazirlik bu məsələ ilə bağlı ali təhsil müəssisələri ilə əlaqə saxlamağa və hazırlıq görüşlərinin təşkilinə çağırıb.

2022-ci il sentyabrın 28-də nazirlik universitetlərdə ingilis dilini dəstəkləmək və təşviq etmək qərarına gəlmiş və bununla bağlı işə başlamışdı. Ekspertlər bu addımın 1830-1962-ci illər arasında Fransanın müstəmləkəsi olan Əlcəzair və Fransa arasında davam edən siyasi problemlərlə bağlı olduğunu bildirirlər.

Qeyd edək ki, Əlcəzair universitetlərində ilk xarici dil olaraq fransız dilinin ingilis dili ilə əvəzlənməsi son illər ictimaiyyətdə tez-tez müzakirə edilən məsələlərdən idi. Ümumilikdə fransız dilinin təsirindən qurtulmaq meylinin mövcud olduğu ölkədə hazırkı rəhbərlik dövlət məktəblərində ingilis dilinin tədrisinə dəstək verməklə tədricən fransız dilinin hökmranlığına son qoymağa çalışır. 

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya