Süni intellekt jurnalisti əvəz edə bilərmi?

post-img

Süni intellekt (Sİ), nəhayət ki, jurnalistikaya da nüfuz etməyə başlayıb. Almaniyanın "Bild" tabloidinin sahibləri onun əvəz edəcəyi 200-ə yaxın əməkdaşını işdən çıxarmağı planlaşdırır. Britaniyanın “The Guardian” qəzeti yazır ki, bu, sahibkarların, təxminən, 100 milyon avroya qənaətinə imkan verəcək. 

Əlbəttə, bu, müasir dünyamızda sürətlə yerini möhkəmləndirən süni intel­lektin insan zəkasını əvəzləmək cəhdinin nə ilk, nə də son nümunəsidir. Amma tex­noloji baxımdan onun üstünlükləri kifayət qədərdir. Məsələn, mətbuatda süni intel­lekt böyük həcmdə məlumatı avtomatik axtarmaq və emal etmək üçün istifadə oluna bilər ki, bu da jurnalistlərin aldıq­ları bilgini təhlil və şərh etmələrinə imkan verər. Bundan əlavə, Sİ-nin hadisələrin və nəşrlərin xülasəsini yaratmaq, həmçi­nin analitik materiallar hazırlamaq üçün də istifadəsi mümkündü.

Görünür, “Bild”in sahibləri də bunu əsas götürərək, onun imkanlarından ya­rarlanıb xərclərini azaltmağa və daha çox gəlir əldə etməyə çalışırlar. Çünki süni intellekt artıq böyük həcmdə məlumat­ların təhlili, trendləri tapmaq və mühüm xəbərləri müəyyənləşdirmək üçün istifa­də edilir. Bu, jurnalistlərə daha tez ma­raqlı trendlər tapmağa və oxucular üçün uyğun olacaq materiallar yaratmağa kömək göstərə bilər. Süni intellektin həm də mətnlərin avtomatik olaraq müxtəlif dillərə tərcüməsində istifadə olunması mümkündür ki, bu da məlumatların daha çox insana çatmasına şərait yaradar. 

Bu imkanlardan yararlanmağa qərar verən “Bild”in “Frankfurter Allgemeine”- dən (FAZ) olan rəqibləri öyrəniblər ki, “Axel Springer-Verlag” media konserni "vəzifələri süni intellekt və yaxud avto­matlaşdırılmış proseslərlə yerinə yeti­rilən" işçilərini ixtisar etməkdə israrlıdır. Bu səbəbdən qəzetin regional şöbələri­nin sayı 18-dən 12-yə endiriləcək.

Almaniya Jurnalistlər Birliyi (DJV) media qrupunun planlarını tənqid edərək, işçilərin ixtisarının "şirkətin pul inəklərini məhv edəcəyi" barədə xəbərdarlıq yayıb. Assosiasiya belə bir addımın “işçilərə münasibətdə təkcə ictimai təhlükə oldu­ğu deyil, həm də iqtisadi baxımdan son dərəcə sərsəm addım olduğunu” vurğu­layıb.

Fevral ayında “Axel Springer-Verla­g”in baş direktoru Matias Dyöfner nəş­riyyatın "tamamən rəqəmsal media şirkə­ti" olacağını açıqlamışdı. O hesab edir ki, “ChatGPT” kimi süni intellekt alətləri "müstəqil jurnalistikanı əvvəlkindən daha yaxşı edə və ya onu əvəzləyə bilər". Dyöfner proqnozlaşdırır ki, "tezliklə süni intellekt məlumat toplamağı" jurna­listlərdən daha yaxşı həyata keçirəcək. Nəticədə, onun fikrincə, yalnız “ən yaxşı orijinal kontent” yaradan nəşrlər yaşaya­caq – məsələn, onlar jurnalist araşdırma­sı aparacaq və ya ekspert şərhləri dərc edəcəklər.

“The Guardian” qeyd edir ki, “Axel Springer-Verlag” süni intellektdən istifa­də haqqında düşünən birinci nəşr deyil. “BuzzFeed” bəyan edib ki, bu il kontenti və onlayn viktorinaları "təkmilləşdirmək" üçün süni intellektdən istifadə niyyətində­dir. Böyük Britaniyanın “The Daily Mirror” və “The Daily Express” qəzetləri də sadə istifadəçi sorğuları əsasında olduqca mürəkkəb mətnlər yarada bilən yeni tex­nologiyalardan yararlanmağın mümkün­lüyünü araşdırırlar.

Yeri gəlmişkən, proqramın cavabları heç də həmişə dəqiq olmur, bəzən hət­ta səhv olur. Belə ki, aprel ayında Alma­niyanın “Die Aktuelle” həftəlik nəşrinin naşirləri yeddiqat Formula 1 çempionu ilə tamamilə süni intellekt tərəfindən ya­radıldığı üzə çıxan “müsahibə”ni dərc etdikdən sonra redaktoru işdən çıxarıb və Mixael Şumaxerin ailəsindən üzr istə­yiblər. Fransa Alp dağlarında kəllə-beyin travması aldıqdan sonra ictimaiyyət qar­şısına çıxmayan yarış avtomobili sürücü­sünün yaxınları naşirlərə qarşı məhkəmə iddiası irəli sürüblər.

P.S. Əlbəttə, gələcəkdə süni intellekt jurnalistlər üçün daha yaxşı və daha in­formativ trendlər hazırlamağa kömək etməkdə əvəzsiz vasitə ola bilər. Ancaq unutmayaq ki, belə olacağı təqdirdə, o, sadəcə, media təmsilçilərirnin işini əhə­miyyətli dərəcədə sadələşdirə bilən bir alət olacaq, lakin onları tam əvəzləyə bilməz. Çünki cəmiyyətdən, insanlardan gerçək həyat hekayələri yazmaq üçün insan zəkasına, ruhuna, hisslərinə və ya­radıcılığına həmişə ehtiyac olacaq.

Hazırladı: İLQAR, “Xalq qəzeti”

Dünya