Aktyor hər bir obraza sənət pasportu verir

post-img

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamal “XQ”nin suallarını cavablandırır. 

– Cəfər müəllim, bugünədək səhnədə yüzlərlə obraz yarat­mısınız. Amma tamaşaçıların yadında daha çox “Qız atası” teletamaşasındakı Yarik rolu ilə qalmışınız. 

– “Qız atası” teletamaşası 1978-ci ildə Əfqan Əsgərovun eyniadlı pyesi əsasında hazırlan­mışdı. O vaxt hamının gözü ölkə­nin tək telekanalı Azərbaycan Te­leviziyasında idi. Yəni teleekrana düşdünsə, bütün ölkədə tanınır­dın. İnanın, küçəyə çıxa bilmirdim, böyüklü-kiçikli hamı mənə Yarik deyirdi. Bir dəfə çarşablı qadının yanımdan keçərkən mənə “Ya­rik!” deməsi heç yadımdan çıxmır. Onda o ki var gülmüşdüm. 

Hələ tələbə ikən Azərbaycan Dövlət Televiziyasında rejissor köməkçisi işləyirdim. Həmin te­lesəhnəcik “Komediyalar aləminə səyahət” verilişində nümayiş olu­nub. Sonra 25 il Gənc Tamaşaçı­lar Teatrında işlədim. Artıq 27 ildir Akademik Milli Dram Teatrında çalışıram. 

– Elçin Əfəndiyevin “Ah, Paris, Paris!..” əsərində Eyn­şteyn, “Mənim ərim dəlidir”də Dost, İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar”ında Əbhəm Tağı­yev, M.F.Axundovun “Lənkəran xanının vəziri”ndə Vəzir Mirzə Həbib, C.Məmmədquluzadənin “Ölülər”ində Şeyx Əhməd kimi kaloritli obrazlarınız var. Bu si­yahıya daha kimləri əlavə edər­diniz?

– Əli Əmirlinin “Köhnə ev” tamaşasındakı Kamran Qızılsə­si. Həm əsər, həm də rejissor işi baxımından gözəl tamaşa idi. Bəhram Osmanov quruluş ver­mişdi. Yaradıcı heyət istedadlı aktyorlardan təşkil olunmuşdu. Əsas tərəf müqabilim Şükufə Yu­sipova ilə qəmli bir eşq hekayəsi canlandırmışdıq. Həqiqətən tragi­komediya idi. “Köhnə ev” Eldəniz Zeynalov və Səfurə İbrahimova üçün son tamaşaları oldu. Eldə­niz müəllim başqa tamaşalarda, adətən, məşqə gecikərdi, amma bu tamaşanın məşqlərinə hamı­dan tez gəlib paltarını dəyişər, məşqin başlanmasını gözləyərdi. Sanki sonuncu obrazını oynadığı­nı hiss eləmişdi. 

– Dediyiniz kimi, qəhrəman­larınızın çoxu tragikomediya­lardan gəlir. Bu, öz istəyinizdir, yoxsa rejissorlar sizi bu obraz­da görürlər? 

– Qəhrəmanımın dərdi-səri olmasa da, orda bir dərd, ya da yumoru olmayanda komediya ta­pıram. Düzdür, çox dərd də ziyan­dır, sevinc də. Gərək aralarında balansı gözləyəsən. “Qatarın al­tına atılan qadın” tamaşası baş­dan-ayağa qəmli hekayədir. Gözəl keçmişi olan populyar aktrisa indi dəmir yolu vağzalında gecələyir. Nakam taleyini tərəf müqabilinə – mənə danışır. Ağlayır, mən də ona qoşulub ağlayıram. Tama­şanın rejissoruna dedim ki, ay Mehriban xanım, (Mehriban Ələk­bərzadə –red.) o zarıyacaq, mən də zarıyacağam, axı tamaşaçının nə günahı var? Soruşdu nə et­mək istəyirsən? Dedim özümdən improvizə edəcəyəm, çox olarsa, deyərsiniz, yığışdıraram. Obrazın xarakterinə bəzi əlavələr etdim, əsərin müəllifi Afaq Məsudun da çox xoşuna gəldi. 

– Kinematoqrafiyada da bir çox işləriniz olub. Bəs yarat­dığınız hansı obraza görə sizə kino aktyoru deyə bilərik?

– Deməsələr yaxşıdır, çünki ki­noda elə ciddi fəaliyyətim yoxdur, xırda rollarda çəkilmişəm. Eldar Quliyevin “Dərvişin qeydləri” fil­mində Xanın qardaşını canlandır­mışam. Onu göstərib, kinoda ol­muşam demək olar. Maraqlı obraz idi, kinoda gözəgəlimli işim odur. Əsasən, televiziyada maraqlı ya­radıcılığım var. “Anamın kitabı”n­da Rüstəm bəy, “Duel”də Əziz, “Yurd yeri” telefilmində Sədrəddin rollarına çəkilmişəm. “Azərbay­canfilm”də şıdırığı filmlər çəkilən vaxt Gənc Tamaşaçılar Teatrında işləyirdim, bina təmirə dayanmış­dı. Düz 10 il ancaq qastrollarda, yəni, təkərlər üstündə olduq. Fil­mə dəvət ediləndə məlum olurdu ki, qastrola çıxmalıyam. “Nəsimi” filminə çəkilə bilərdim. Nəsimi ol­masaydım da, dostlarından, düş­mənlərindən birini oynayardım... 

– Gənc Tamaşaçılar Teatrı­nın səhnəsində “C.Məmmədqu­luzadənin “Danabaş kəndinin məktəbi” tamaşasında maraqlı bir obrazınız vardı – “uçitel” Həsənəov. Eyni fkiri Vaqif İb­rahimoğlunun quruluşunda M.F.Axundovun “Lənkəran xa­nının vəziri” tamaşasında yarat­dığınız Vəzir Mirzə Həbib obrazı barədə də demək olar. 

– “Danabaş kəndinin məktəbi” tamaşasına Azər Nemətov quru­luş vermişdi. Möhtəşəm tamaşa idi. Gürcüstanda da oynamışdıq, zalda tamaşaçılardan biri gülmək­dən oturacaqdan yıxılmışdı. O ki qaldı, Vəzir Mirzə Həbib obrazına, ona yanaşmamız fərqli oldu. Bü­tün rejissorlar Vəziri qorxaq, müti göstərirdilər, hətta arvadı da onu döyürdü. Amma biz dedik kı, bu adam ölkənin ikinci adamıdır, belə bacarıqsız ola bilməz. Sadəcə olaraq, hiyləgərdir, bu da onun si­yasətidir. Məmləkətin işi qalıb kə­narda, Xan səyahətlərə çıxır, vəzir də eşqbazlıqla məşğuldur. 

– 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışırsınız. Hansı dövr həm teatr, həm də şəxsi yaradıcılığınız baxımın­dan daha məhsuldar olub?

– Həmişə cani-dildən çalış­mışam, yola verməmişəm. Can­landırdığım obrazları sevə-sevə işləmişəm. Videotekada, arxivdə yaxşı işlərimin qalmasını istə­mişəm. Fəxri ad dalınca da qaç­mamışam, heç kimə minnətçi düş­məmişəm. Əməkdar artist fəxri adını 52 yaşımda veriblər, Xalq artistini 63 yaşımda. Dil açandan bu sənətdəyəm. 

– Sizcə, Xalq artisti fəxri adı aktyor üçün son pillədir, yoxsa ardı var?

– Can sağlığından qeyri heç nə istəmirəm. Bir də rejissorlar məni yeni obrazlarda görsünlər, mən də çalışacağam onların üzü­nü ağardım. 

– Cəfər müəllim, Stanislavs­ki deyirdi ki, rejissor səhnənin “komandanıdır” və aktyorlar onun əmrlərini sözsüz yerinə yetirməlidirlər. Amma Meyer­hold aktyora sərbəstlik vermə­yin, improvizələrin tərəfdarı idi. Yəqin çoxillik sənət təcrübəniz­də bu sualın cavabını tapmısı­nız… 

– Aktyor robot deyil, əmrləri ye­rinə yetirsin. Sağ olsun rejissorlar, mənə robot kimi yanaşmayıblar. Heç vaxt rejissorun işinə qarışma­mışam, çünki mən öz obrazımın rejissoru olmuşam. Öz variantla­rımı təklif etmişəm, hansını bəyə­nibsə, onun üzərində işləmişik. Aktyor həmin obrazda, bir növ, yeni insan yaradır. Oynamaq sö­zünü leksikonumdan çıxarmışam. Aktyor oyunçu deyil, yaradandır, obraza can və ruh verəndir. 

İndi Azdramaya təzə nəfəs gə­lib. Bədii rəhbər Mehriban Ələk­bərzadə yeni tamaşalar hazırlayır. Üç tamaşasında rol almışam. So­nuncusu “Əsrə bərabər gün” oldu. Yəqin, qarşıda bizi yeni tamaşalar gözləyir. 

Bu il 75 yaşım tamam olacaq, amma bununla bağlı tədbir-fila­na ehtiyac duymuram. Yubileyimi yeni bir tamaşada fərqli obrazla qeyd etmək istərdim… 

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ

Müsahibə