Mingəçevirdə Erasmus+ layihəsinin açılışı olub

post-img

Mingəçevir Dövlət Universitetində (MDU) adıkeçən universitetin koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan - ENGAGE) Erasmus+ layihəsinin açılış mərasimi keçirilib. 

MDU-nun rektoru Şahin Bayramov tədbiri universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib. MDU-nun Azərbaycanda koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universiteti olduğunu vurğulayan rektor  Elm və Təhsil Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tərəfdaş yerli və xarici universitetlərə təşəkkürünü bildirib

Tədbirdə çıxış edən AzərbaycanTurizm və Menecment Universitetinin rektoru İlham Mədətov beynəlmiləlləşməni ATMU-nun həyata keçirdiyi təhsil siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirib. Azərbaycanda ilk dəfə ikili diplom proqramı olan Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) və xaricdə 6 ay müddətinə təcrübə proqramlarının tətbiqinin və  xüsusilə xarici dillərdə tədrisə üstünlük verilməsinin əhəmiyyətinə aydınlıq gətirib. ATMU-nun Erasmus + mübadilə proqramlarının aktiv iştirakçısı olduğunu vurğulayan rektor ENGAGE layihəsindən əlavə, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən daha 2 layihədə də tərəfdaş statusunda səmərəli fəaliyyətlərinə münasibət bildirib. Rektor tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bunlardan biri Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR), digəri isə İtaliyanın D’Annuntsio Universitetinin (Kyeti-Peskara) təşəbbüsü olan  “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən pilot kursları (PİCASP)” layihəsidir. ATMU ali təhsil müəssisəsi olaraq Avropa Komissiyasının maliyyə dəstəyi və  Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsində də tərəfdaş qismində fəaliyyət funksiyasını təsdiqləyib. 

Qeyd edilən faktlar ATMU-nun əhəmiyyətli layihələrin icrasında maraqlı olduğunu isbatlayır. ENGAGE layihəsində təmsil olunmasının önəmini vurğulayan İ.Mədətov ATMU-da sahibkarlıq eksosisteminin formalaşması,tələbələrdə innovativ düşüncənin inkişaf etdirilməsi, universitet-sənaye əməkdaşlığında Avropa təcrübəsinin öyrənilməsi və kurriklumların təkmilləşməsində adıkeçən layihənin müstəsna rol oynayacağını deyib. Layihənin fəaliyyətinə  uğurlar arzulayıb. 

Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, digər tərəfdaş yerli ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Şəbnəm Məmmədzadə çıxış ediblər. 

Estoniya, İsveç, Portuqaliya, İspaniya və Polşanın 5 aparıcı universitetini təmsil edən xarici qonaqlar çıxış edərək Mingəçevir şəhərində və belə bir layihənin tərəfdaşları arasında olmaqdan məmnunluqlarını bildiriblər. Təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat verən avropalı mütəxəssislər müsbət qiymətləndirilən təcrübələri benefisiar qurumlarla birlikdə layihə çərçivəsində bölüşəcəklərini diqqətə çatdırıblar.

Səfər çərçivəsində ATMU-nun Karyera və Kommunikasiya şöbəsinin müdiri, layihənin universitet tərəfdən layihə meneceri Səidə Məmmədova və Keyfiyyət təminatı şöbəsinin Keyfiyyətin planlaşdırılması və inkişafı bölməsinin rəhbəri, ENGAGE layihəsinin Ali təhsil müəssisələrinin sahibkarlıq potensialının inkişaf etdirilməsinə həsr olunan 2-ci fəaliyyət planı üzrə işçi qrupunun üzvü Şirməmməd Məmmədov beynəlxalq və yerli tərəfdaşlarla qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərini müzakirə ediblər. 

Qeyd edək ki, MDU-nun koordinatorluğu ilə hazırlanan və təqdim edilən Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirilib. Avropa İttifaqının 5 ölkəsini təmsil edən tərəfdaş universitetlərin müvafiq sahədəki təcrübəsinin öyrənilməsi və faydalanması tələblərinə müvafiqdir. Layihədə 4-ü region universiteti olmaqla, ümumilikdə ölkəmizin 11 aparıcı dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan HR İnstitutu layihənin qeyri-universitet tərəfdaşı sayılır. Avropa İttifaqı layihədə Lissabon Universiteti (Portuqlaliya), Kataloniya Politexnik Universiteti (İspaniya), KTH Kral Texnologiya Universiteti (İsveç), Tallin Texnologiya Universiteti (Estoniya) və WSG Universiteti (Polşa) ilə təmsil olunur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”





Təhsil