Məşğulluğa kömək inkişaf və rifah amilidir

post-img

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib. 

Tədbirdə Koordinasiya komissiya­sı yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi na­zirinin müavini Anar Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti­nin rəis müavini İlkin Vəliyev və məş­ğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.

Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndakı tapşırıqların icrası istiqamətində fəa­liyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib. Bildirib ki, sərəncama əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Ko­missiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 37 faizdən çox, fiziki şəxs fərdi sahibkar­ların sayında 59,5 faiz, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 6,3 dəfə ar­tım olub. Eyni zamanda, bu sahədə əldə edilmiş naliliyyətlərin davamlılığı­nı təmin etmək və qarşıda duran və­zifələrin həlli üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti daha da təkmilləşdirilməlidir. Qeyd edilib ki, məşğulluğa kömək inki­şaf və rifah amilidir.

Müşavirədə komissiyanın katibliyi­nin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq si­yasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev ötən müşavirədə verilən tapşırıqlara uyğun olaraq məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.

Eyni zamanda, Qazax, Bərdə, Qəbələ rayonları və Mingəçevir şəhə­ri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri tapşırıqlar üzrə görülmüş işlər, o cüm­lədən qeyri-formal məşğulluğun qarşı­sının alınması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Müşavirədə Ə.Əhmədov əlaqələn­dirmə komitələrinin səmərəli fəaliyyəti­nin təşkili məqsədilə həmin komitələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat