DOST-da dostcasına dinləmə

post-img

DOST Agentliyində “Dövlət sosial xidmətlərinin “bir pəncərə”dən təqdim edilməsinə dair maarifləndirmə və elektronlaşdırılması nəzərdə tutulan digər sosial xidmətlər” mövzusunda ictimai dinləmə və müzakirə keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən aldığımız məlumatda bildirilir.

“İctimai iştirakçılıq haqqında” Azər­baycan Respublikası Qanununa uyğun olaraq təşkil olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya­nında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutlarının nü­mayəndələri, mütəxəssis və ekspertlər iştirak ediblər.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbir iştirak­çılarına DOST mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. DOST konsep­siyasının ölkəmizdə dövlət sosial xid­mətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsa­sında göstərilməsinə şərait yaratdığı vurğulanıb. 

Qeyd olunub ki, indiyədək 1 milyon 560 mindən çox vətəndaş DOST xid­mətlərindən yararlanıb və bu xidmət­lərdən vətəndaş məmnunluğu səviyyə­si 98,5 faizdir. 

Tədbirdə DOST Agentliyinin bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirilib. DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu və bir sıra ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi diqqətə çat­dırılıb. 

Daha sonra mövzuya dair müza­kirələr aparılıb, tədbir iştirakçılarının rəy və təklifləri dinlənilib.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat