Dilim-dilim olan dilim...

post-img

Doğrusu, Bakının və Sumqayıtın qarışıq dilli reklamlarına, ticarət və xidmət obyektlərinin adlarına baxanda adam bir anlıq özünü Parisin Notr-Dam kilsəsinin ətrafında hiss edir. Viktor Hüqonun eyni adlı romanının qəhrəmanı Kvazimodo gəlir göz önünə: doğuşdan bədəni deformasiyaya uğramış, çox çirkin birisi. Belinin donqarı, bir gözdən mayıf olması onun eybəcər obrazını tamamlayır. Təəssüf ki, xəyaldan ayrılınca bu reklamların sənin öz şəhərində olduğunun fərqinə varırsan. 

Deyərdik ki, dilimizin, onun leksik və orfoqrafik qaydalarının pozulmasına ən çox reklam, elə­cə də ticarət və xidmət obyektləri­nin adlarında rast gəlirik. Dilin ba­şına oyun açmaq, yüngül desək, nadanlıqdır. Lövhələrdə məşhur şirkətlərə, brend mallara aid loqo­ların olması anlaşılandır, amma bu, həddən artıq olanda Nizami Gəncəvi demişkən, “dərd verir o da”. Addımbaşı qarışıq, anlaşıl­maz reklamlar, obyekt adları dil norması pozuntuları ilə doludur. Gülünc və bayağı adlar ana dili­mizi hörmətdən salır, aşağılayır. 

“Xalq qəzeti”nin səhifələrində bu barədə dəfələrlə məsələ qal­dırmışıq, vəziyyət isə dəyişməz olaraq qalır. Necə deyərlər, dəyir­man bildiyini edir... 

Reklam və obyekt adları ara­sında elələri də var ki, təmiz Azər­baycan dilində yazılıb, amma həm cəlbetmə fantaziyasından uzaqdır, həm də baxımsızlıq üzündən gülməli hala düşüb: ya bəzi hərfləri qopub, ya da gecə işıqlandırması alayarımçıqdır. Bu isə bəzən acı gülüş doğurur. Məsələn, “xəngəl” sözünün ilk hərfi düşdüyü üçün “...əngəl”ə dö­nüb, “Market” - “ma...ket”, “bazar” - “...azar” olub və s. “Ə..s...nə”ni görüncə isə çaşıb qaldıq: əcaba, bu obyektə girməzdən öncə əs­nəməkmi lazımdır? (Biz həmin adı krossvord həll edirmiş kimi, xeyli varavurd etdik və nəhayət, “Əfsanə” olduğunu tapa bildik).

Ötəri müşahidə zamanı rast gəldiyimiz belə “şikəst” obyekt ad­larının bəzilərinin fotosunu da çə­kib “əşyayi-dəlil” kimi sizə təqdim edirik. Baxın, “Foto Etud”, “Xrda­vat 1002” kimi adları yazanların savad dərəcəsindən siz də hali olun. Başqa bir ad lövhəsində isə “xırdavat” sözü düz yazılsa da, hərflərin düşməsi onu da gözdən salıb.

İşıq effektli obyekt adlarının qüsurları xüsusilə gözəçarpan olur. Təqdim etdiyimiz şəkillərdəki “Q...pılar” və “Baks...ll” kimi.

Müvafiq nəzarətedici orqanlar bu çatışmazlıqları görmürlərmi? Görürlərsə, nə üçün dilimizin “di­lim-dilim” olmasına bunca laqeyd yanaşırlar? Axı, sözügedən nöq­sanlar, ən azı, pintilik nişanəsidir və heç də xoş təəssürat yaratmır.

Gəlin, ana dilimizin Kvazimo­doya çevrilməsinə yol verməyək. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

11-11111.jpg









Sosial həyat