Prezidentin Novruz duası – İlham Əliyev ənənəsində Qarabağ varisliyi

post-img

“Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız, yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il martın 20-də Şuşada Novruz bayramı münasibətilə xalqa müraciətində bildirmişdi. 

Novruz ölkəmiz və xalqımız üçün yal­nız bayram deyil, eyni zamanda, vüqarı­mızın rəmzi, milli soykökümüzün parlaq nişanəsi, keçmişimizin obrazlı ifadəsi, gələcəyimizin mayakıdır. Novruz bizim varlıq düsturumuzdur, əbədiyaşarlıq sal­naməmizdir, azadlıqsevərliyimizdir, mü­barizliyimizdir. 

Bəli, Novruz təkcə ənənələrimizin toplusu yox, onların heysiyyatımıza, qü­rurumuza hopmuş, iliyimizə işləmiş təza­hür təntənəsidir. O, həmçinin vəhdətdir, ruhumuzun hayqırtısıdır. Bu hayqırtıdan nəşət alan qərinələr, əsrlər bir-birinə çul­ğaşaraq tariximizi yaradıb. Yəqin, elə buna görədir ki, milli kimliyimizi, keçmi­şimizi unutdurmaq fikrinə düşənlər bizə, həm də, Novruzu yasaqlayıblar. 

İmperiya buxovlarını yırtan, zəncirlə­rini qıran xalqımız müstəqilliyinə qovuşsa da, üzləşdiyimiz erməni işğalı, zülmün, istibdadın gətirdiyi məhrumiyyətlər 30 ilə yaxın müddətdə imkan vermədi ki, qamə­timizi şax tutaq, əhvalımızı şux edək. Biz Novruz tonqalı çatdıq, fəqət onun üstün­dən hoppanarkən ağırlığımızı ata bilmə­dik. Biz Novruz adətilə yumurta döyüş­dürdük, ancaq əsl döyüş qalibiyyətinin bu olmadığını bilməyimiz kefimizi pozdu. Biz illərlə işğalın sona çatması niyyətini qəlbimizdə daşıyıb qapılar pusduq...

Əlbəttə, sarsıntı və üzüntülərimiz saya-hesaba gəlmədi. Novruz sevincini doyunca yaşaya bilmədik. Hər zaman bir əskiklik duyduq. 28 illik müddətin hər Novruzu ovqatımıza üzüntü və sarsıntı pərçimlədi. O ovqat işğal altında qalan yurd yerlərimizdə bayramı necə keçir­məyimizi xatırladıb içimizə məyusluq toxumları səpdi. Papağımızı necə atay­dıq? Onu bərk-bərk qucaqladıq. Başqa çarəmiz qalmadı, könlümüzü papaqat­manın adət yaşantısına bağlamaqla, bir növ, özümüzdən, həqiqətlərin sərt sifətini görməkdən qaçdıq. Bəlkə də utandıq...

Nəhayət, hər Novruzda biz Şuşamızı xatırladıq. Yallı getdik, amma ağlımız­dan keçdi ki, yallının əsl meydanı Cıdır düzüdür. Axı, Şuşanın işğalı bir şəhərin itirilməsindən daha çox milli ruhun təs­limiyyəti, öyündüyümüz bütün mənəvi dəyərlərin deqradasiyası, yox olmağımız demək idi. Beləcə hər birimiz öz içimiz­də, öz gözümüzdən düşdük. Biz Şuşay­la cəzalandırılmışdıq sanki. Bu şəhəri qiyamətə qədər ən dəhşətli günahımız sandıq. Elə bir günah ki, Allah bağışlasa belə, onun bizi bağışlaması qədər rəzalət düşünmək olmazdı. Çünki Şuşa itirdiklə­rimizin şəhərləşmiş, hər divarı və daşı buzlaşmış obrazı idi. Bu buzu əritmək üçün Şuşa tonqalı çatılmalı idi.

Bütün bunlara görə Prezident İlham Əliyev ölkəmizin birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə azad edilmiş torpaqlarımızda ilk Novruz tonqalını, məhz, Şuşada qaladı. 2021-ci ilin Novruz təmtərağından, çatılan o tonqalın alovlarından dirilik ruhumuz Şuşa səmasına ucaldı, orada bərq vurdu. O ruh şəhəri həyətbəhəyət, küçəbəküçə, döngəbədöngə, tinbətin dolaşdı, hər qa­pıya, hər pəncərəyə baxıb, hər bacadan boylanıb özünə dinclik, rahatlıq tapdı, öl­məzlik qazandı. 

Novruzun Şuşa təntənəsi inamımızın zəfəri idi. Cənab İlham Əliyev şəhərdən müqəddəs bayramımız münasibətilə xalqa müraciətində də bunu bildirmişdi: “2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı mü­nasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlü­yünü bərpa edəcəyik”. Bəli, Prezident İlham Əliyevin xarakterik obrazı onun əsl liderliyidir. Əsl lider isə dediyini edən, sö­zünü tutandır. Dövlətimizin başçısı həmin müraciətində bir daha xatırlatdı: “Deyir­dim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edə­cəyik və bu gün gəldi”. 

***

Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyeva 2022-ci ildə Nov­ruz bayramını Suqovuşanda keçirdi. Dövlətimizin başçısı yenə tonqal çatdı və tonqal ətrafında xalqa Novruz müraciəti edərək, müqəddəs bayramımızı işğaldan azad edilmiş torpaqlarımızda qeyd etmə­yin artıq ənənəyə çevrildiyini vurğuladı: “Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cı­dır düzündə qeyd etmişdim və Azərbay­can xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

İlham Əliyev şəxsiyyətinin həyat və fəaliyyəti azərbaycançılıq, türkçülük ide­yalarının gerçəkləşməsindəki müstəsna dirəniş və əzm nümunəsidir. Bu əzmdə keçmişimizə dərin ehtiram, gələcəyimizə böyük inam var. Qətiyyətlə onu da bildirə bilərik ki, bu əzm öz gücünü və qüvvə­sini varislik prinsipinin qorunmasından, dövlət idarəçiliyi kursuna sədaqətdən alır. Elə buna görə dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də – Şuşanın işğal­dan azad edildiyi gündə xalqa müraciət edərkən, ata vəsiyyətini yerinə yetirdiyini bildirmişdi: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimi­zin, ulu öndərin ruhu şaddır bu gün! Gö­zün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

***

Ulu öndər Heydər Əliyev torpaqları­mızın düşmən tapdağından xilasının ən böyük təbliğatçısı kimi çıxış edirdi. Qa­rabağ həqiqətlərini, Ermənistanın işğalı nəticəsində üzləşdiyimiz bəlaları dünya ictimaiyyətinə yorulmadan və usanmadan çatdırırdı. Ümummilli lider xalqa bütün müraciətlərində olduğu kimi, hər Novruz müraciətində də misilsiz inam aşılayırdı. Çünki bu dahi şəxsiyyət Novruzun ma­hiyyətinə, onun milli birliyimizi simvolizə etməsinin qatlarına dərindən bələd idi. Hələ sovetlər birliyi dönəmində Novruz bayramının yenidən xalqımıza qaytarıl­masında, hər il mart ayında təntənə ilə qeyd olunmasında, ümumən, Azərbaycan milli-mədəni hərəkatının tərkib hissəsinə çevrilməsində müstəsna rol oynamışdı. 

Nəhayət, ulu öndər Qarabağ inamlı Novruz təbliğatçısı kimi xalqa müraciə­tində bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdam­da, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbər­lik edirəm”. 

Dövlət idarəçiliyində varislik prinsi­pinə söykənmiş Prezident İlham Əliyev Novruzun işğaldan azad edilmiş torpaqla­rımızda qeyd olunması ənənəsinin yara­dıcısıdır. Ümummilli lider Heydər Əliyevin düşüncələrində canlandırdığı, Vətənə sevgidən yoğrulmuş ənənənin. Demə­li, 2021-ci ildə Şuşadan sonra, 2022-ci ildə Novruz tonqalının çatıldığı məkanın düşmən tapdağından azad edilmiş növ­bəti yurd yerimiz Suqovuşan olmasın­da həm məntiq, həm qanunauyğunluq, həm də ilahi ədalət var. İlahi ədalət digər yurd yerlərimizin də Novruz tonqalı ilə isinməsində təcəlli edir. Budur, düşmən­dən azad edilmiş daha bir qədim yurd yerimiz – Tərtər rayonunun Talış kəndi o tonqalın hənirtisi ilə qızındı. 

***

Bəli, dövlətimizin başçısı 2023-cü ilin Novruz tonqalını birinci xanım Meh­riban Əliyeva və qızı Arzu Əliyeva ilə birlikdə Talışda alovlandırdı. Düşmən tapdağından qurtulmuş torpaqlarımıza Böyük Qayıdışın növbəti sevinc və iftixar anını, cəmi bir neçə gün öncə yaşamış kənddə. Prezidentin ailə üzvləri ilə birgə Talışa baş çəkməsi, heç şübhəsiz, yerli sakinlərin Novruz xoşbəxtliyinə, qürur və iftixar hisslərinə əlavə rəng çalarları qat­dı. Onların kəndləri Qarabağda Novruz təntənəsinin növbəti ali ünvanı kimi ta­riximizə düşdü. 

Prezident Talış kəndindən xalqa mü­raciətində də, ilk növbədə, özünün əsası­nı qoyduğu ənənədən söz açdı. “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhid­lərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salam­layıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.

Göründüyü kimi, Prezident İlham Əliyev Talışdakı Novruz çıxışına torpaq­larımızın düşməndən azad edilməsində qəhrəmanlıq və şücaət göstərmiş mərd övladlarımızı yada salmaqla başladı. Nəzərə alaq ki, qədirbilənlik də Novruzun mənəvi rəmzidir. Novruz, eyni zamanda, birliyin, bütövlüyün, sarsılmazlığın ruhu­dur. Dövlətimizin başçısının əsasını qoy­duğu ənənə də əlamətdar bayramımızın xalqımızı ayaqda tutan mahiyyətinə mi­silsiz və bənzərsiz töhfənin növbəti bariz nümunəsidir. 

***

Prezident İlham Əliyevin 2023-cü il 17 mart tarixli müraciəti Novruzun gələ­cəyə inam epopeyasından qaynaqlanmış dərin məzmunlu nikbinlik çağırışıdır. Bu nikbinlikdə Novruz böyük və parlaq gələ­cəyinə doğru inamla addımlayan Azər­baycan xalqının böyük miras yüküdür. Daşınılması hər bir həmvətənimizə, soy­daşımıza şərəf hissi yaşadan yük. Elə bir yük ki, onun ağırlığında dövlətimizi daha da güclü edən məsuliyyət və təpər var. Bu yükü daşımaq ona görə vacibdir ki, bir daha torpaqlarımızı Novruzsuz gör­məyək! Bir daha ocaqlarımız sönməsin! Qarabağ daim Azərbaycanın olsun! Söy­lədiklərimiz, ümumən, bu yazı həm dua­mız, həm də diləyimiz olsun! 

Bəli, Prezident İlham Əliyevin dünən­ki çıxışında səsləndirdiyi fikirlər də gələ­cək üçün məsuliyyət çağırışı ilə yanaşı, eyni zamanda, liderin öz xalqına dilək və duası idi: “Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayaca­ğıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaric­də yaşayan azərbaycanlılar da daxil ol­maq şərtilə, iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bər­pa edən ölkə kimi bundan sonra da an­caq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irə­liyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Mən əziz xalqımı qarşıdan gələn Nov­ruz bayramı münasibətilə bir daha ürək­dən təbrik etmək istəyirəm, bir daha çıxı­şımı məşhur olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ Azərbaycandır!”.

Uca Tanrı Novruz diləklərimizi qəbul eləsin, dövlətimiz və xalqımız var olsun!

 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Sosial həyat