Avropa İttifaqı Azərbaycanda yeni kampaniyaya başlayır

post-img

Martın 1-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ölkəmizdə qadınların əldə etdikləri uğurlar, bacarıqlar və gücü açıq etiraf etmək məqsədilə bir ay sürəcək kampaniyanın başlandığını bəyan edib. Tədbirin açılışında Avropa İttifaqının, həmçinin Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri və tanınmış Azərbaycan qadınları iştirak edib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bu kampaniyanın mesajının qadın gücünü – qadının can atdığı və ümid etdiyi təşəbbüslərə nail olmaq gücünü açıq şəkildə etiraf etmək olduğunu söyləyib. Qeyd edib ki, Avropa İttifaqı Beynəlxalq Qadınlar Gününü “Avropa heyəti” qismində, “Qadın böyük qüvvədir” kampaniyasının siması kimi çıxış və müxtəlif sahələri təmsil edən 20-dən çox Azərbaycan qadını ilə birlikdə qeyd etməkdən qürur hissi keçirir. “Məqsədimiz bütün nəsilləri şövqə gətirmək və qadını güclü edən cəhətlər mövzusunda müzakirələrin təşəbbüskarı olmaqdır. Avropa İttifaqı həyata keçirdiyi siyasət və proqramları vasitəsilə cəmiyyətin bütün sahələrində qadınların tam iştirak edə bilmələrinə, həmçinin qadınlar üçün təhsil və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq məqsədinə qulluq edir. Kampaniya mart ayı ərzində davam edəcək”, - deyə Peter Mixalko vurğulayıb.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin keçirdiyi kampaniyanın simaları mədəniyyət, təhsil, idman, vətəndaş cəmiyyəti, işgüzar dünya, səhiyyə, həmçinin kişi hömranlığının təsbit olunduğu aviasiya və təhlükəsizlik sahələrində çalışan qadınları canlandırırlar. Kampaniya zamanı universitetlərdə təqdimatların keçirilməsi, kampaniyanın simalarını ictimaiyyətə tanıdan reklam lövhələri, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin və digərlərinin sosial şəbəkə səhifələrində yerləşdiriləcək uğur hekayələri və videolar daxil olmaqla müxtəlif tədbirlər baş tutacaq.

Həmçinin Avropa İttifaqı Azərbaycanda gender bərabərliyinə təkan vermək üçün qadın və qızların təhsil və məşğulluq nailiyyətlərini artırmaq, bərabər imkan və hüquqlardan yararlanmaq istiqamətində maneələr törədə bilən ümumi gender stereotiplərinin bəzilərinə qarşı qəti tədbirlər görmək məqsədilə bir sıra layihələri dəstəkləyib.



Sosial həyat