“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 126-cı kitabı çapdan çıxıb

post-img

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 126-cı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin fevral-mart aylarını əhatə edir. Fevral ayının mühüm hadisələrindən biri Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfəri olub. Dövlətimizin başçısı konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan edib: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”.

Prezident İlham Əliyev konfrans çərçivəsində, həmçinin “Boru arzuları: gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib, Münxendə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmidt, İsrail Dövlətinin müdafiə naziri Yoav Qalant, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid və başqaları ilə görüşlər keçirib, xarici və Azərbaycan telekanallarına müsahibələr verib. Bütün bu görüşlər haqqında informasiyalarla və müsahibələrin mətnləri ilə yeni kitabda tanış olmaq mümkündür.

Yeni kitaba Prezident İlham Əliyevin digər mühüm tədbirdə - Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada “Fəlakət – fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda keçirilən Fövqəladə Zirvə görüşündəki çıxışının mətni daxil edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğu vurğulanıb, Vətən müharibəsində qardaş ölkənin siyasi və mənəvi dəstəyi minnətdarlıq hissi ilə xatırlanıb, hazırda münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Dövlətimizin başçısı son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin böyük inkişaf yolu keçdiyini də diqqətə çatdırıb, dağıdıcı zəlzələnin nəticələrinin uğurla aradan qaldırılacağına əminliyini bildirib.

Sitat: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaqdır.

Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.

2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.

Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

Çoxcildliyin 126-cı kitabına Prezident İlham Əliyevin mart ayında Almaniyaya işgüzar səfərinə aid materiallar, o cümlədən Prezident Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri haqqında informasiyalar, Olaf Şolts ilə birlikdə mətbuata bəyanatlarının mətnləri daxil edilib.

Oxucu bu kitabda Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə videokonfrans formatında görüşünə, Albaniya Prezidenti Bayram Beqay ilə görüşünə dair materiallarla da tanış ola bilər.

Yeni nəşrdə Prezident İlham Əliyevin “Qoşulmama Hərəkatının “COVID-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışının mətni, Azərbaycana səfər etmiş İslam İnkişaf Bankı qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Cazir, Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşləri, müxtəlif ölkələrin yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi haqqında informasiyalar verilib.

Prezident İlham Əliyev martın 18-də Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində Suqovuşan qəsəbəsində yaşayış məhəlləsinin təməlini qoyub, qəsəbə tam orta məktəbində yaradılan şəraitlə, Suqovuşan su anbarında aparılan əsaslı təmir işlərinin gedişi, turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub. Bütün bunlar haqqında informasiyalar da yeni kitabda yer alıb.

“Azərnəşr” tərəfindən buraxılan 126-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Siyasət