Mərakeşdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunub

post-img

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar mərasim təşkil edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Rabatda keçirilən mərasimdə ölkəmizin Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyə Respublikasının ombudsmanları, Mərakeş universitetlərinin nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Mohammed Faquiri və assosiasiyanın üzvləri, eləcə də müxtəlif ölkələrin akkreditə olunmuş səfirləri, səfirliklərin əməkdaşları və yerli KİV nümayəndələri iştirak ediblər.

Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən səfir Nazim Səmədov Xocalı soyqırımı, onun səbəbləri və nəticələri haqqında məlumat verib, Azərbaycan xalqı və ədalətin aliliyi naminə ilk həmrəylik nümayiş etdirən bütün ölkələrə, dövlətlərə, beynəlxalq təşkilatlara öz təşəkkürünü bildirib. Səfir vurğulayıb ki, bu istiqamətdə həyata keçirilmiş fəaliyyət nəticəsində bir çox dövlətlərin qanunverici orqanları, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bu faciəni pisləyən qərar və qətnamələr qəbul edilib. Səfir Azərbaycana dost olan ölkələr, o cümlədən Mərakeş Krallığının bu mövzuda tezliklə ədalətli mövqe bəyan edəcəklərinə inandığını vurğulayıb.

Ombudsman Səbinə Əliyeva Xocalı soyqırımının ötən əsrdə bəşəriyyət əleyhinə baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. Məcburi köçkünlərin qayıdışına maneə törədən və işğal dövründə Ermənistan tərəfindən həmin ərazilərdə basdırılmış mina probleminə və Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyinin hələ də naməlum qalması məsələsinə toxunub. Eyni zamanda, Xocalı soyqırımının ildönümü ilə əlaqədar müvafiq Bəyanat hazırlayaraq beynəlxalq və regional insan hüquqları təşkilatlarına göndərildiyini vurğulayıb.

Bununla yanaşı, Mərakeş mətbuatında Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar dərc edilib. Məlumatlarda tarixə XX əsrin ən böyük faciələrindən biri kimi damğasını vuran Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı mütəmadi olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğu oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsi Ermənistanın əraziləri zəbt etmək istəyinə, irqi və dini dözümsüzlüyün iyrənc ideyalarına əsaslanan sistemli və genişmiqyaslı siyasətinin və zorakılıq praktikasının bir hissəsidir.

Mərasim çərçivəsində Xocalı soyqırımı haqqında film nümayiş etdirilib, faciəni əks etdirən fotosərgi təqdim olunub.



Qan yaddaşı