İntiqamın Mübariz zirvəsi

post-img

Beş-altı il əvvəlin söhbətidir. Yaxın dostumla Türkiyəyə növbəti səfərimizdə Ankaradakı mağazalardan birinə alış-veriş üçün baş çəkdik. İçəridə sol tərəfdə müdirin masası qoyulmuşdu. Danışığımızdan Azərbaycan türkü olduğumuzu görən cavan müdir ayağa qalxdı, bizimlə doğmaları kimi görüşdü, israrla bir fincan “sadə” qəhvəyə qonaq elədi. Bu zaman gözüm masanın üzərindəki portretə sataşdı. Gökxan portretdəkinə diqqətlə baxdığımı görüb: “Mubariz tek sizlerin kahramanı değil ki. Hepimizin, tüm Türk dünyasının yiğitidir!”, -dedi və portreti əlinə götürdü, öncə “Rembo”nun alnından öpdü, sonra da bağrına basdı. Bu nə səhnə idi Allah?! Qeyri-ixtiyari ayağa qalxıb, eynən onun kimi, can-arkadaşımızın alnından öpüb, bağrıma basmaqdan özümü saxlaya bilmədim... 
“Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, Vətənim də, valideynlərim də məni bağışlamaz”. Belə yazdın, o cür getdin və yağıdan qisasını necə aldığını artıq bütün Türk dünyası bilir. Sənin ardınca, səndən örnək götürüb bu yolu 44 gündə yüzlərlə, minlərlə Vətən oğlu – sıravi, gizir, zabit, general getdi və hərəsi bir qəhrəman oldu. Amma bu qəhrəmanlıq cığırının tozunu sən aldın, mürgüyə dalmaqda olan Vətənə, Torpağa, Bayrağa sevgi və sədaqət hissini sən yenidən oyatdın, igid oğullarımızın gücünü Dəmir yumruğa çevrilməyin yetişməkdə olan məqamının müjdəsini sən verdin... 
...Otuz beş il əvvəl dan yeri qızaranda biləsuvarlı, əliabadlı Ağakərim kişinin ailəsindən çağa səsi eşidildi. Adını Şamama anası verdi, tale-bəxtini isə Tanrı yazdı: – Ömrü iyirmi iki il, əməli isə adından doğan və neçə-neçə ömür müddətinə sığacaq qədər böyük Qəhrəman! O şanslı körpə sən idin, Mübariz! Bu dünyaya salamınla sağolunun arasındakı 8052 günlük ömür möhlətinin 
8051-ni necə yaşadığını doğmaların, dostların, paqon yoldaşların kimi, hamımız bilirik, amma sonuncu gününü necə başa vurduğun indi dillər əzbəridir. 
Valideynlərinə vida məktubunu “Canım anam və atam”la başlamısan. Sonra “Vətənin dar günündə ürəyim dözmür”, “Seyid nəvəsi olaraq bunu eləməliyəm”, sonra da “Vətən sağ olsun” demisən. Dediyini də nər kimi yerinə yetirmisən. Və məktubunun sonunda haqqı çatan iki əzizindən umduğun halallığı sənə onlarla bahəm, başını ucaltdığın, şərəfini qoruduğun Xalqın və Vətənin verdi. Həm də ümmanlara sığmayacaq, heç vaxt bitib-tükənməyəcək qədər böyük sevgi və fəxarətlə verdi. 
...On üç il əvvəl bir iyun gecəsi idi. “Vətənin azadlığı üçün qurban lazımdırsa, onlardan biri mənəm” – düşünüb, yerindən sıçradın və getdin. Bəs, Tərtərin Çaylı kəndindəki düşmənlə təmas xəttinin bir kilometrlik minalanmış sahəsini necə keçdin? Onu biz bilmirik, taleyini yazan bilir. Təkbaşına beş saat döyüşdün, yüzə qədər silahlı hayın çiyninin üstündə baş qoymadın. Bax, bunu biz yaxşı bilirik. Sənin canına vəlvələ saldığın düşmən tərəfdə qalmış nəşini bir müddət sonra geri almağı bacaran, şücaətinlə qazandığın qiymətini verən, qəhrəmanlığını möhürləndirən, bu müqəddəs missiyanı qətiyyət və şücaətlə yerinə yetirən Ali Baş Komandan oldu. Həm buna, həm də sonra əziz Şuşamıza bayrağımızı sancdığına görə, nəyi nə zaman edəcəyini yaxşı bilən həmin Ali Baş Komandana xalqın bağrından qopan minnətdarlıq hissinin və dualarının nə həddi var, nə də hüdudu. 
Yəqin, bilirsən, doğma yurdun Biləsuvarda adına küçə və məktəb var, şərəfinə heykəllər ucaldılıb, haqqında filmlər çəkilib, kitablar yazılıb. Vətən müharibəsi dediyimiz işğaldan qurtuluş savaşımızda təkbaşına getdiyin, aslan kimi vuruşduğun və şəhadətə qovuşduğun o yerin 2020-ci il oktyabrın 4-də yağıdan azad olunmasından, o gündən həmin yerdə üçrəngli bayrağımızın həm də sənin şərəfinə dalğalanmasından da xəbərin var.
...Tarix və Azərbaycan xalqı durduqca Fəxri xiyabandakı məzarın müqəddəs seyid ocağı kimi daim ziyarət olunacaq. Mərmərə həkk olunan, ömür payının bələdçisi 1988–2010 rəqəmləri isə şərtidir. Sən tarixin və mənsub olduğun xalqın özü qədər əbədisən! 
P.S. Türkiyəyə, Ankaraya yolum düşəndə, o dükana mütləq baş çəkəcəyəm. Artıq ikimiz də bilirik, sən həmişə səni sevənlərin, səni qəlbində yaşadanların yanındasan. Və indi səni canını fəda etdiyin Azərbaycan boyda Vətənin və böyük Turan bağrına basıb. Şəhid ruhun isə göylərin ən uca məqamında, Tanrının düz yanındadır... 


İ.HƏSƏNQALA, 
“Xalq qəzeti”





Ordu