Heydər Əliyev ömrünün hər ili bir əsrə bərabərdir

post-img

(əvvəli https://xalqqazeti.az/musahibe/127360-heyder-eliyev-omrunun-her-ili-bir-esre-beraberdir)

 

Vəd etdiyimiz kimi, ictimai-siyasi xadim, istər sovet, istərsə də müstəqil Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müxtəlif rəhbər vəzifələrdə çalışmış, YAP Veteranlar Şurasının üzvü Əli Həsənovla müsahibənin davamını təqdim edirik. 

 

– Əli müəllim, ulu öndər haqqın­da oxuduqlarımdan və apardığım araşdırmalardan belə bir qənaətə gəlmişəm ki, Heydər Əliyev Moskva dövrü fəaliyyətində SSRİ tarixində iz qoymaqla yanaşı, həm də Rusiyanın ictimai-siyasi və sosial-iqtisadi hə­yatında unudulmaz xidmətlər göstə­rib. 

– Əlbəttə. Bunu sübut edən kifayət qədər faktlar, tarixi sənədlər və o döv­rün ictimai-siyasi xadimlərinin xatirələri var. Məsələn, 1984-cü il yanvarın 4-də Sov.İKP MK-nın baş katibi Konstantin Çernenkonun rəhbərlik etdiyi komis­siya tərəfindən hazırlanmış “Ümu­mi təhsil və peşə məktəbi islahatının əsas istiqamətləri” haqqında layihə dərc olundu. Heydər Əliyev məktəb islahatının əsas tərtibçisi və kuratoru idi. Bir neçə aydan sonra orta təhsil islahatı qüvvəyə mindi: müəllim hazır­lığının təşkili və məktəbəqədər təhsil sistemində edilən digər dəyişikliklərlə əlaqədar 1984-cü il aprelin 12-də Sov.İKP MK-nın beş qərarı dərc olundu. SSRİ Nazirlər Sovetinin bu qərarları­na müəllimlərin maaşlarının artırılması və sosial şəraitinin yaxşılaşdırılma­sı haqqında 318 nömrəli qərar əlavə edildi. İbtidai məktəbə bir il əvvəl, 6 yaşından başlanması təklif edildi, orta ümumtəhsil məktəbində təhsil müddəti isə 10 ildən 11 ilə qədər uzadıldı. Mək­təblərdə yeni bir fənn meydana çıxdı - kompüter texnologiyası və proqram­laşdırmanın əsasları. Bundan sonra kütləvi şəkildə sovet istehsalı olan fərdi kompüterlər alındı. Bu islahat məktəbin ictimai dəyərini və müəllim peşəsinin nüfuzunu yüksəltdi, təhsilin idarə edil­məsi strukturu dəyişdi.

Rusiyalı salnaməçilər qeyd edirlər ki, SSRİ-nin paytaxtı Moskvanın 2000-ci ilə qədər inkişafının baş planı da qis­mən Heydər Əliyevin təklifləri əsasında hazırlanıb. Çünki hələ Azərbaycan KP MK-ya rəhbərlik etdiyi vaxtlarda Hey­dər Əliyev 1981-ci ilin oktyabrında Moskva Memarlar Evindəki görkəmli memarları və inşaatçıları heyran qo­yan bir çıxış edir və məhz burada ifadə etdiyi təşəbbüslər SSRİ-nin baş şəhəri­nin yeni inkişaf planının hazırlanmasın­da istifadə edilir. Yeri gəlmişkən, onu da qeyd edim ki, 1970-ci illərin sonlarında Heydər Əliyev Azərbaycan memarları tərəfindən təklif edilmiş, Bakı buxtasın­da süni adada Dünya Ticarət Mərkəzi layihəsini çox dəstəkləmişdi. Lakin onu Moskvaya aparandan sonra həmin la­yihə bir təklif kimi qaldı. Məndə olan məlumata görə, indi Heydər Əliyevin bu arzusunun gerçəkləşməsi ideyası­na yenidən nəfəs vermək Azərbaycan rəhbərliyinin gündəmindədir. 

Heydər Əliyevin Moskva fəaliyyəti dövründə mədəniyyət sahəsində ün­vanlı dövlət dəstəyi üsullarını da xüsu­si xatırlamağa ehtiyac var. O, bu üsulu Azərbaycanda gerçəkləşdirmişdi və nəticədə Azərbaycan mədəniyyətinə yeni nəfəs vermiş, bu sahənin intibahı­na yol açmışdı. Yəni, onun idarəetmə təcrübəsinin bir çox elementləri bu gün Azərbaycanda olduğu kimi, Rusiyada da geniş istifadə olunur.

...1980-ci illərdə iqtisadi sistem, iqtisadiyyatı idarəetmə üsulları və ti­carət sürətlə dəyişirdi. Heydər Əliyevin Moskva dövrü Nazirlər Sovetinin mü­hüm qərarlarından biri “Vətəndaşlara kreditlə uzun müddətə istifadə olunan malların satışı” idi və bu qərar 1985-ci il iyulun 5-də mətbuatda dərc edilmişdir. Yeni ticarət qaydaları alıcılara kreditlə mal almağa imkan verirdi. Baxın, 40 il əvvəl Heydər Əliyevin başladığı o işlər bu gün bütün postsovet məkanında geniş miqyas alıb. 

Heydər Əliyevin Moskva dövrü fəa­liyyəti Rusiya üçün heyrətamiz faktdır. Çünki o, böyük bir ölkənin tarixində özünəməxsus iz qoymuş və islahatçı rəhbər kimi yaddaşlara köçmüşdür. Bununla belə, o da faktdır ki, Heydər Əliyevin Kremldən, SSRİ rəhbərliyin­dən uzaqlaşdırılması ilə vətəndaşların sovet rəhbərlərinə romantik inam zən­ciri tamam qırılmışdı. İndi onun So­vet İttifaqının rəhbərlərindən biri kimi Kreml dövründəki fəaliyyəti ilə bağlı ən müsbət, xoş təəssüratlar, həmin dövr­də yaşayan, o fəaliyyəti izləyən və mü­şahidə etməyi bacaran minlərlə Rusiya ziyalısının, sadə insanların, vicdanlı rəhbər işçilərin çoxunda qalıb.

SSRİ Kimya Nazirliyinin Azərbay­candaki birliyində çalışanda, nazirin tikinti üzrə müavini ilə çox yaxşı müna­sibətim vardı. Milliyyətcə rus idi. Bila­vasitə mənim rəhbərim idi və Azərbay­cana vəsait ayırmağa kömək edirdi. Sonralar Moskvada onunla görüşəndə, Qorbaçovla bağlı mənə maraqlı bir epizod danışdı. Dedi, regionlardan bi­rində bizim zavodun açılışı olmalı idi. Qorbaçov səfəri çərçivəsində həmin obyektin açılışını etməli idi. Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev də orada idi. Qorbaçov və MK-nın nümayəndələri camaatın toplaşdığı yerdə maşından düşdülər və obyektə tərəf getməyə başladılar. Bu məqamda bir yaşlı kişi Heydər Əliyevə tərəf yeri­di və ona yaxınlaşanda dedi ki, yoldaş Baş katib, sizə sözüm var. Elə bildi ki, Baş katib Heydər Əliyevdir. Qorbaço­vun ətrafından bir nəfər tez ona yaxın­laşıb əli ilə Qorbaçovu göstərdi ki, Baş katib odur...

− Heydər Əliyev SSRİ kimi nəhəng bir ölkədə, bu qədər ağır sahələrə nəzarət etməyə və üstəlik, uğurlar əldə edərək xalq tərəfindən sevilməyə nəyin hesabına nail olur­du?

− Əvvəldə qeyd etdiyim kimi, Heydər Əliyevin həyat tarixçəsi aydın göstərir ki, o, idarəçi kimi böyüyüb və sosializm sisteminin ideoloji klişeləri ilə mürəkkəbləşmiş yüksək intensivlikli aparat riskləri sistemində çalışıb. Onun belə bir sistemdə karyera pillələrində sürətlə irəliləməsinə qətiyyəti, dərin zəkası, polad iradəsi, fitri idarəçilik istedadı, çevikliyi və fenomenal uzaq­görənliyi səbəb olub. Bu, çoxdan təs­diqini tapmış faktdır. 

Heydər Əliyevin Moskvaya apa­rılması və Kremldə bacarıqlı rəhbər kimi daha gur parlaması, şübhəsiz, Brejnevdən sonra baş katib postuna gələn Andropovun adı ilə bağlıdır. Bir çox rus müəlliflərinin məqalələrindən və tədqiqatçıların əsərlərindən oxumu­şam ki, yeni və ancaq qoca Andropo­vun ətrafındakı hakimiyyət dairəsində Heydər Əliyev birincilər sırasında idi. Bu dairədə əsas yeni fiqurlar Heydər Əliyev, Vitali Fedorçuk və Ukrayna Kommunist Partiyası Mərkəzi Komitə­sinin katibi Vladimir Şerbitski olub. And­ropovun Sov.İKP MK Siyasi Bürosunun Baş katibi vəzifəsində olduğu dövrlə ondan əvvəlki dövr arasında fərq onda idi ki, onun tanıdığı və inandığı Heydər Əliyevin rəhbərlik etdiyi Nazirlər Soveti qrupu və bu Azərbaycan oğlunun apa­ratı elmi-texniki tərəqqini sürətləndir­məklə, SSRİ-nin sosial-iqtisadi inkişa­fında güclü sıçrayış hazırlayırdı. Bunu Heydər Əliyevin böyük gələcəyə hazır­lanması kimi də qiymətləndirmək olar. Bu fikri təsadüfən işlətmirəm, çünki SSRİ Xarici işlər naziri Andrey Qromı­konun oğlu xatirələrində qeyd edir ki, onun atası baş katib vəzifəsində cəmi üç gənci görürdü: Romanov, Əliyev, Qorbaçov. Bu da səbəbsiz deyildi.

Leninqrad Vilayət Partiya Komitə­sinin birinci katibi Romanovun bölgəyə və şəhərə rəhbərlik etdiyi on üç il bütün XX əsrdə bölgənin həyatında ən uğur­lu dövr sayılırdı. Bu da iqtisadi göstəri­cilərdə tam əksini tapır.

Romanov və Əliyev Andropov is­lahatlarının ən azı yarısı üçün iki ağır çəkili rəhbər kadr idilər. Amma Andro­povdan sonra SSRİ rəhbərliyi uğrunda qruplaşmalararası mübarizədə Roma­nov Stavropol vilayət katibinin qrup­laşması tərəfindən sıradan çıxarıldı. Doğrudur, Sovet İttifaqında Siyasi Büro Nazirlər Şurasının “mühərriki” kimi dəyərləndirilirdi, amma Heydər Əliyev Baş katib postuna namizəd kimi qəbul olunmurdu. Çünki SSRİ-də post-Stalin sindromu qüvvədə idi. Bu o deməkdir ki, 1953-cü ildən sonra Qafqazdan və ya Asiyadan olan şəxslərin SSRİ-yə rəhbərlik etməyəcəyi ilə bağlı açıq­lanmayan konsensus formalaşmışdı. Məhz bu stereotiplər üzündən “Qırmı­zı imperiya” Heydər Əliyevə göz yum­maqla büdrədi.

Nə qədər qəribə olsa da, o za­man post-Stalin sindromundan yaxşı xəbərdar olan Heydər Əliyev özü də Qorbaçovu dəstəklədi, çünki onu yax­şı rəhbər, ən əsası isə belə bir vəzifə­də layiqli partiya yoldaşı hesab edirdi. Çünki Baş katib postunda fəaliyyətə başlayana qədər Qorbaçovla Heydər Əliyev arasında heç bir çəkişmə yox idi və gələcəkdə belə bir halın baş verəcə­yini təsəvvür etmək çətin idi. Qorbaçov baş katib olana qədər Heydər Əliyevə yaxşı münasibət göstərib. Bütün bun­lara baxmayaraq, strateji baxımdan Heydər Əliyevin SSRİ-nin iqtisadi hə­yatında bilavasitə icraçı rol oynadığı modernləşmə dalğası arzuolunan ef­fekti verdi. Qorbaçov artıq bunu görür­dü və içindəki qısqanclıq sürətlə alov­lanmağa başladı. O, başa düşürdü ki, bu modernləşmə hansısa baş katibin yox, məhz Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır və bunu bütün SSRİ görür, başa düşür. 

Ona görə də Qorbaçov demək olar ki, dərhal “köhnə qvardiya”nın nümayəndələrindən və Heydər Əliyev kimi nisbətən gənc potensial rəqiblər­dən qurtulmağa başladı. Qeyd etdiyi­miz kimi birinci Romanovdan başladı. Sonra növbə Qromıkoya çatdı. O, Xa­rici İşlər Nazirliyinin rəhbəri vəzifəsin­dən uzaqlaşdırıldı, yerinə Eduard Şe­vardnadze təyin olundu. Sonra növbə Qrişinə, Kunaevə gəldi və sonda, nə­hayət, Əliyevə çatdı. Əslində bu şəxs­lər “qamətləri heç kimin qarşısında əyilməyən” və “nə buyurursunuz” sualı ilə Qorbaçovun ağzına baxmayan in­sanlar idilər...

Buna baxmayaraq, Qorbaçovun ən yaxın silahdaşlarından olan Ya­kovlevin 1988-ci ilin mayında İrəvana ən uğursuz missiyası baş verir. Onun səfəri Qorbaçovun erməni radikal mil­lətçilərinin Qarabağın Azərbaycandan ayrılması istiqamətində hərəkətlərini bəyənməsinin bariz jesti kimi qəbul edilir. Heydər Əliyev bu dramı ancaq kənardan müşahidə edə bildi, qısa gö­rüşlər və telefon zəngləri ilə, Qarabağ fəlakətinin dərinliyini rəhbərliyə çatdır­mağa çalışdı. Heydər Əliyev gözəl bi­lirdi ki, Qarabağ fəlakəti, artıq çoxlarına aydın olduğu kimi, bütün Sovet İttifaqı­nı özü ilə birlikdə uçuruma sürükləyir... 

...1987-ci ilin mayında, doğum gü­nündən dərhal sonra, artıq Qorbaço­vun məkrli və hiyləgər hücumlarından əsəbi hala düşən Heydər Əliyev infarkt keçirdi. Amma ruhdan düşmədi. İyul ayında o, artıq xəstəxanada fəal iş­ləməyə başlamışdı. Yay aylarında MK-nın və Nazirlər Sovetinin son qərar­ları çıxırdı. Onların hazırlanmasında Heydər Əliyev də iştirak etmişdi. İnfarkt keçirəndən 4 ay sonra, sentyabrın 8-də Heydər Əliyev ilk dəfə VDNX–da keçi­rilən beynəlxalq kitab sərgisi zamanı ictimaiyyət arasına çıxır. İctimaiyyət ona böyük sevgi ilə baxsa da, qəzəblə baxan baxışlar da az deyildi, xüsusilə Qorbaçovun dəstəsindən olanlar...

SSRİ Ali Sovetinin 1987-ci il okt­yabrın 19-da keçirilən sessiyasında Qromıko, Liqaçov, Qorbaçov və Rıj­kov Heydər Əliyevlə ayrıca görüş ke­çirərək, onu Siyasi Bürodan getməyə və Baş nazirin müavini vəzifəsindən (rəsmi olaraq səhhətinə görə) istefa verməyə razı salmağa çalışırlar. Əlbət­tə, Heydər Əliyevin artıq Siyasi Büroda arxalandığı adam qalmamışdı. Beləlik­lə, SSRİ rəhbərliyində nəhəng ölkənin inkişaf və tərəqqisinə inamın simvolu­na çevrilən Heydər Əliyevin Moskva dövrü yekunlaşdı. Sovet İttifaqının si­yasi və iqtisadi qüdrəti də “demokrat” Mixail Qorbaçovun təşkil etdiyi kollegi­al idarəetmə nəticəsində finalına çatdı. Bir neçə ildən sonra bu, bütün ölkənin dağılmasına səbəb oldu.

(ardı var)

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”



Müsahibə