ABŞ səhnəsini gənc vokalçımız fəth etdi

post-img

Şərqdə operanın beşiyi sayılan Azərbaycanın bu sahənin inkişafına verdiyi töhfələr xalqımıza öyünc yaşadır. İstedadlı gənclərimizin bu gün də dünya mədəniyyəti və incəsənəti tarixində yeni səhifə açmaqla ölkəmizin şöhrətini getdikcə yüksəltməsi də qürurvericidir. 

Bu günlərdə ABŞ-ın Nyu-York şəhərində keçirilən “American  International Vocal Competition of Opera Singers 2023” beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində öz istedadı ilə hər kəsi heyran qoyub Vətənə qalib kimi qayıdan Urfan Cəfərov hamımıza yeni sevinc bəxş etdi.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında istedadlı soydaşımızı ictimaiyyətin nümayəndələri, sənət yoldaşları, həmçinin, vokal müəllimi olduğu Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin kollektivi coşqu ilə qarşıladı. Gənc vokalçının yetirmələrinin müəllimlərinin görüşünə bir-birindən maraqlı ifaları ilə gəlmələri hamıda xoş duyğular oyatdı. 

Gənc opera ifaçısının 67 ölkənin ən güclü mədəniyyət təmsilçilərinin iştirak etdiyi müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq dünyanın ən məşhur konsert salonlarından biri olan “Carnegie Hall”da solo ifa edən ilk azərbaycanlı kimi tarixə düşməsi sənətin ilk pillələri ilə irəliləyən bu uşaqlar üçün gözəl nümunə idi...  

Məktəbin direktoru Bəhriyyə Allahverdiyeva Urfan Cəfərovun sinfində istedadlı uşaqların olduğunu, artıq ötən il konsertlə çıxış etdiklərini vurğuladı: “Arşın mal alan” operettasının 100 illiyi ilə bağlı onun tamaşasını hazırlayırıq. Urfan müəllim may ayında keçiriləcək tamaşanın üzərində işləyir”.

Urfan Cəfərov qəzetimizə verdiyi müsahibədə belə bir nüfuzlu müsabiqədə qalib olduğu üçün hədsiz sevindiyini bildirdi və bu uğurun əldə edilməsində ona dəstək olanlara minnətdarlığını bildirdi: 

-         “Vokal sənətinin ən inkişaf etdiyi ölkələrin təmsilçilərinin qatıldığı belə bir nüfuzlu müsabiqədə qalib olduğum üçün qürur hissi keçirirəm. Bu uğurda əməyi keçən hər kəsə, o cümlədən müəllimlərim Fidan və Xuraman qasımovalara, eləcə də dəstək üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Azərbaycan mədəniyyətini bundan sonra da yüksək səviyyədə təmsil etmək üçün öz üzərimdə daha səylə çalışacağam. Eyni zamanda, bir müəllim kimi bu sənətin sirlərini öyrənmək istəyən uşaqların inkişafı üçün əlimdən gələni edəcəyəm”. 

Müsabiqədə ifaçını pianoda müşayiət etmiş Əməkdar artist Nigar Məlikova U.Cəfərovun öz istedadı, çalışqanlığı və zəhməti sayəsində belə böyük nailiyyət qazandığını dedi. Gənc ifaçının anası Leyla Quliyeva yeganə övladının 3 yaşdan başlayaraq musiqiyə böyük həvəs göstərdiyini vurğuladı: “Uşaqlıqdan müəllimləri onun istedadlı olduğunu deyirdilər. Urfan zəhmətkeş olmaqla yanaşı, həm də çox vətənpərvərdir. Beynəlxalq arenada iştirak etdiyi hər bir tədbirdə ölkəmizi layiqincə təmsil etmək üçün böyük səy göstərir”. 

Xatırladaq ki, Urfan Cəfərov 1996-cı il iyunun 16-da Şəmkir şəhərində anadan olub. İlk musiqi təhsilini Şəmkir şəhər uşaq musiqi məktəbində alıb. Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası, daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr və magistratura pilləsində təhsil alıb. 

U.Cəfərov respublika və beynəlxalq müsabiqələr laureatı, opera ifaçılarının Avropa çempionu və gənclər arasında mükafatçısı, “Azərbaycan Milli İnciləri” mükafatçısı, “Qızıl səs” mükafatı laureatıdır (İngiltərə-London). 

Virtouz sənətçi hazırda M.F.Axundov adına Azərbaycan Akademik Opera və Balet Teatrının solistidir. 

Leyla AZAD

“Xalq qəzeti”



























Mədəniyyət