Görkəmli müəllim, peşəkar musiqi təşkilatçısı və ustad tarzən

post-img

Bakıxanovlar şəcərəsinin Azərbaycanın elm tarixindəki, hərb sənətindəki və mədəni həyatındakı xidmətləri barədə ayrıca söz açmağa ehtiyac yoxdur. Çünki ölkə əhalisinin, demək olar ki, böyük əksəriyyəti bu nəslin görkəmli nümayəndələrini tanıyır. Elə Əməkdar incəsənət xadimi, Əməkdar müəllim, Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun adı da, yaradıcılığı da milyonlarla soydaşımızın yaddaşında yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il oktyabrın 21-də Əhməd Bakıxa­novun 130 illiyinin qeyd edilməsi haqqın­da Sərəncamında deyilir ki, bu sənətkar daim axtarışlarla dolu geniş və çoxşaxə­li yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermiş­dir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənət­kar xalqımızın bu misilsiz mədəni irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. 

Sənət adamlarımız isə böyük qədir­bilənliklə xatırladırlar ki, onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatın­da yaxından iştirak etmişdir. Musiqi sal­naməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

Maraqlı məqamlardan biri də odur ki, tar ifaçılığını Əhməd Bakıxanovdan öy­rənmiş sənət adamlarından təxminən on nəfərin adı sonralar tanınmış bəstəkar kimi mədəniyyət tariximizə yazılmışdır. Bu isə mərhum sənətkarın özünün də fitrətində olan yaradıcılıq imkanlarının yetirmələrinə ötürülməsinin göstəricisidir. Vaxtilə onun rəhbərlik etdiyi ansamblda solist kimi çalışan sənət adamları qeyd edirlər ki, əksər muğam şöbələri arasın­dakı rəng və dəramədləri məhz Əhməd müəllimin özü yaratmışdı. 

Bu gün, Bakıdakı Beynəlxalq Muğam Mərkəzində ustad sənətkarın vəfatının 50-ci ildönümünə həsr edilmiş tədbir ke­çiriləcək. Tamaşaçılar Əhməd Bakıxano­vun yaratdığı, Xalq artisti Möhlət Müslü­movun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblının müşayəti ilə milli musiqimi­zin bir çox nümunələrini dinləyəcək, xa­tirələrlə tanış olacaqlar. 

 

İ. QAÇAYEV, “Xalq qəzeti”

Mədəniyyət