İlməsi, çeşnisi güllü xalçalar

post-img

“NUR Art House” qalereyasında xalqımızın zəngin milli sərvəti olan Azərbaycan xalçasının ən gözəl nümunələrindən ibarət sərgi fəaliyyətə başlayıb. Sərgi xalqımızın xalçaçılıq tarixinin minillərdən süzülüb gələn qədimliyini, özünəməxsusluğunu, milli xüsusiyyətlərini qoruyub saxlamaqla yeni ekspozisiya ilə təqdim edilir. Azərbaycanın çoxşaxəli mədəni irsi, məişəti və qədim ənənələrinin incisi olan xalça sənətimizin zənginliyi qalereyaya daxil olan hər kəsi sanki ovsunlayır. 

“Xalq qəzeti”nə müsahibəsində Əməkdar mədəniyyət işçisi, sənətşü­naslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva Azərbaycanın ilk dəfə “Avropa bədii sənətkarlıq günləri”nə qoşulduğunu bildirdi. Qeyd etdi ki, bu çərçivədə gözəl nümunələrin təqdimin­də əsas məqsəd xalça mərkəzlərimiz­də yaradılan, qədim və müasir ənənə­ni özündə birləşdirən müasir əsərləri sənətsevərlərin diqqətinə gətirmək, eyni zamanda onu Avropa ictimaiyyətinə ta­nıtmaqdır. R.Tağıyeva sərgidə özünün şəxsi kolleksiyası ilə yanaşı, bir sıra tanınmış fırça ustalarının əsərlərinin nü­mayiş olunduğunu da bildirdi: “Qalere­yada, təxminən, 300-ə yaxın xalça nü­munəsi var. Sərgidə dünyaşöhrətli fırça ustası, Xalq rəssamı Tahir Salahovun xalça eskizləri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Hacıyevin müasir xalçaları, bu sənətiə modernizm üslu­bunu gətirən Faiq Əhmədin, “Azərbay­can xalçaçıları” İctimai Birliyinin üzvləri Səltənət Tağıyevanın, Umay Məmmə­dzadənin, Natiq Nəcəfzadənin klassik ənənələrin müasir tərzdə təcəssüm et­dirən əsərləri nümayiş olunur. 

Sərgiyə baxan Səlimə Məmmədova Azərbaycan xalçasının qeyri-adiliyinin onu heyran etdiyini dedi: “Özünəməx­sus bədii dili və kompozisiya quruluşu olan xalçalarımızın hər naxışında bö­yük bir tarix var. Onlar rəng çalarları və üzərində işlənmiş müxtəlif ornamentlə­ri ilə xüsusilə seçilir”. 

Qeyd edək ki, sərgi aprelin 2-dək davam edəcək. Sənətsevərlər eyni zamanda xalçaçı-rəssamların “Ustad dərsləri”ndə iştirak edirlər. 

Xatırladaq ki, “Avropa bədii sənət­karlıq günləri” 2002-ci ildən, Fransa hökumətinin təklifi ilə Milli Sənətkar­lıq İnstitutu tərəfindən təşkil olunur. Baharın erkən çağına təsadüf edən bu günlərdə dünyanın 20 ölkəsində sənətkarlar emalatxanalarının qapıla­rını tamaşaçıların və sənəti öyrənmək istəyənlərin üzünə açır. 

Sərgi “World Craft Council Euro­pe”, “NUR Art House” qalereyası, “Arts Council Azerbaijan”ın birgə təşkilatçılı­ğı ilə keçirilir. 

 

L.QURBANOVA,
Elçin ABBASOV,
“Xalq qəzeti”

10-222.jpg

Mədəniyyət