Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir

post-img

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Təbii ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

AZƏRTAC xəbər verir ki, 30 il əvvəl erməni işğalçıları ilə döyüşlərdə Sədərək rayonunun 150-dən artıq şəhidi olub. Müstəqillik illərində bu yurd yerimiz abadlaşıb, kompleks quruculuq işlərindən öz nəsibini alıb. Ötən əsrin 90-cı illərində ermənilərin hücumu zamanı vəhşicəsinə dağıdılan evlər yenidən bərpa olunub, məskunlaşma artıb.

Bu günlərdə Ermənistan mətbuatında “Ermənistan Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşır” sərlövhəli məqalə sədərəklilərin də ciddi narahatlığına və narazılığına səbəb olub. Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Sakinlər bildirirlər ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar, sözsüz ki, Araz çayına axıdılacaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

Rayon sakinləri bildirirlər ki, bu, Ermənistanın növbəti ekoloji cinayətidir. Çünki Araz çayının bir qolu olan “Şir arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda da tikə bilər.

Sədərək rayonunun ekofəalları da məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ərazidə zavodun inşası sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir arxı”nın suyundan istifadə edilir.

Mütəxəssislər bildirirlər ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.

Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakət qurbanına çeviriblər. Araz çayı, sözün əsl mənasında, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.

Bundan əlavə faktlar göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə region və dünya üçün təhlükəlidir. Söhbət artıq 40 ildən çoxdur ki, istifadə edilən və istismar müddətini çoxdan başa vuran Metsamor AES-dən gedir.

Son xəbərlər