Yeni əməliyyat sistemi – “Windows 12”

post-img

“Microsoft” şirkətinin mütəxəssisləri yeni nəsil “Windows” əməliyyat sistemini (ƏS) sınaqdan keçirməyə başlayıblar. “Windows 12” adlanacaq yeni əməliyyat sisteminin tamamilə fərqli olacağı və şirkətin bunun üçün ayrıca komanda qurduğu bildirilir. Xəbəri “pcworld.com” saytı verib.


 “Windows 12” əməliyyat sistemi istifadəçini çox yükləmədən, sürətli və tez-tez yenilənən modul sistem kimi dizayn ediləcək. Vaxt, tarix və axtarış qutusu tapşırıq panelindən iş masasına köçürüləcək. Artıq istifadəçilər bu məlumatları ekranın istənilən yerində yerləşdirə biləcəklər. 


Məlumata görə, “Windows 12” ƏS-i ən azı 8 GB RAM (əməli yaddaş qurğusu) tələb edə bilər ki, bu da “Windows 11”in tələblərini ikiqat artırır. Həmçinin, proqram təminatının quraşdırılması üçün HDD-dən (sabit disklərdən) imtina ediləcəyi və SSD-yə (bərk disklərə) müraciət ediləcəyi ehtimal edilir. Əməliyyat sistemi “Intel”in 14-cü nəsil “Meteor Lake-S” masaüstü prosessorlarını dəstəkləyəcək və bu prosessorları olan qurğular “Windows 12”ni işə salan ilk cihazlar arasında yer alacaq.


Qeyd edək ki, yeni əməliyyat sisteminin 2024-cü ildə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.


Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər