Türkiyə və Azərbaycan xanımlarından dəstək

post-img

Gəncliyə Yardım Fondu (GYF) Mərkəzinin Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında  Azərbaycan və Türkiyə xanımlarının XIX Əl İşləri Xeyriyyə Sərgisinin açılışı olub.


Açılış mərasimində əvvəlcə zəlzələdə həyatını itirən türkiyəli soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının istiqlal marşı səsləndirilib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbir iştirakçılarını salamlayaraq, iştirak edən hər kəsə təşəkkürünü bildirib. A. Telim Gəncliyə Yardım Fondu tərəfindən keçirilən sayca 19-cu olan bu sərginin Fondun bir ənənəsi və iki dövlətin qardaşlığının bariz nümunəsinin göstəricisi olduğunu qeyd edib.

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doc. Dr. Cahit Bağcı sərginin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Şiddətli zəlzələdən sonra Azərbaycanın hər zamankı kimi Türkiyənin yanında olduğunu, qardaş ölkənin ilk gündən yardımlar göndərdiyini və Azərbaycanda bu istiqamətdə qurulan platformaların xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Qardaş Köməyi platformasının rəhbəri Rəşad Cabirli platformanın ilk gündən qardaş ölkəyə yardımlar göndərdiyini və yardım fəaliyyətinin davam edəcəyini vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycanda bu kimi xeyriyyə fəaliyyətlərinin ənənə halını aldığını bildrib və bu ilki sərginin məhz Türkiyədə baş verən zəlzələdə zərər görən insanlara sərf edilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra, millət vəkilləri Qənirə Paşayeva və Anar İsgəndərov da çıxış edərək, fond və platformanın birgə həyata keçirdiyi xeyriyyə sərgisini yüksək qiymətləndiriblər ve belə tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.


 Layihə çərçivəsində sərgidə əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyet çəkənlərə və ailələrinə sərf ediləcək.

Fidan HÜQUQQIZI,
 "Xalq qəzeti"

 







Son xəbərlər