Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi gələcək üçün çox müsbət və perspektivli addımdır - Ekspert

post-img

Azərbaycan Türk Dövlətləri Təşkilatında aktiv rol alır. Türk Dövlətləri Təşkilatlarının azad ticarət zonasına çevrilməsi, ölkələrin iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi, bu qurumun gələcəkdə ciddi iqtisadi ticarət qurumuna çevrilməsi, tranzit şərtlərinin yaxşılaşdırılması, Orta Dəhlizin tam gücü ilə işləməsi istiqamətində olan problemlərin həlli istiqamətində Azərbaycan səylər göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

Ekspert bildirib ki, Türk Dövlətləri Təşkilatları arasında olan iqtisadi ticarət əlaqələrinin artması bizim marağımıza uyğundur. Azərbaycanla digər ölkələr arasındakı əlaqələr hər zaman yaxşı olsa da, faktiki olaraq ciddi ticarət rəqəmləri, iqtisadi əlaqələr, investisiyalar və birgə fəaliyyət olmayıb. Hazırda isə bu istiqamətdə işlər görülür. Bu günlərdə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial güzəştli Ticarət Sazişi də imzalandı. Bunun özü də bu istiqamətdə atılan addımlardan biridir.

“Ümumiyyətlə, hazırda Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi ölkələrin gələcək məqsədləri üçün atılan ilkin addımlardır. Hökumətlərimiz istəyir ki, həm qarşılıqlı ticarətdə, həm də tranzit yüklərin daşınmasında ölkələrimizdə olan gömrük prosedurları sadələşdirilsin və ticarət axını daha sürətli şəkildə yaxşılaşdırılsın. Bu baxımdan atılan addımlar çox müsbət və perspektivlidir”, - deyə Xalid Kərimli qeyd edib.

İqtisadiyyat