Su təsərrüfatı vahid idarəetmə hövzəsində

post-img

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun payı xeyli yüksəlib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə bu sahədə 9,1 faiz artım qeydə alınıb. 

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövlət qulluğunda və iqtisadi idarəetmə­də effektivliyin artırılması nəzərdə tu­tulur. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqın­da” 30 mart 2023-cü il tarixli fərmanı da bu məqsədə xidmət edir. Dövlət başçısı­nın imzaladığı məlum fərmana əsasən ölkəmizdə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni tək­milləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaş­dırmaq məqsədilə Azərbaycan Respub­likası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agent­liyi yaradılıb. Fərmanla “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Me­liorasiya və Su Təsərrüfatı” Açıq Səhm­dar Cəmiyyəti əmlakları ilə birlikdə yeni qurumun tabeliyinə verilib. 

Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkili, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchi­zatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qur­ğuların, su təchizatı sistemlərinin monito­rinqi, bu sahələrdə vahid dövlət siyasəti və tənzimləməsi məhz mərkəzi icra haki­miyyəti olan yeni agentlik tərəfindən həya­ta keçiriləcək. 

Azərbaycan Respublikasının Nazir­lər Kabineti isə beş ay müddətində bey­nəlxalq məsləhətçi şirkəti cəlb etməklə agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə, eləcə də agentliyin yaradılması ilə əlaqədar normativ-hüquqi aktların tək­milləşdirilməsi ilə bağlı təkliflərini Azərbay­can Respublikasının Prezidentinə təqdim etməlidir. Fərmanla, həmçinin hökumətə bir ay ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyat­ları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının agentliyin balansına ve­rilməsinin təmin edilməsi, eləcə də bu Fər­manın 4.1.1-ci yarımbəndində nəzərdə tu­tulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbir­lər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılıb. “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlə­ri isə agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək öz fəaliyyətlərini davam etdirəcəklər. 

Yeri gəlmişkən, “Azərbaycan Respub­likasının 2022-2026-cı illərdə sosial-iq­tisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında qarşıdakı illərdə ölkənin su sek­torunda bir sıra vacib işlərin görülməsi nəzərdə tutulur. Belə ki, sənədə əsasən ölkənin su ehtiyatlarının səmərəli idarə edilməsi və itkilərinin azaldılması, su eh­tiyatlarının qiymətləndirilməsi, uçot siste­minin təkmilləşdirilməsi və maarifləndirmə işinin aparılması, ölkə ərazisində mövcud şirin su mənbələrinə qənaət edilməklə əhalinin içməli su ilə təminat səviyyəsinin yaxşılaşdırılması, eləcə də suvarma ka­nallarının yenidən qurulması və yeni su anbarlarının, əlavə su ehtiyatı fondunun yaradılması, içməli su mənbələrinin geniş­ləndirilməsi, tullantı sutəmizləyici qurğular kompleksi və magistral kanalizasiya kol­lektorlarının tikintisi kimi vacib məsələlər öz əksini tapıb. Dövlət başçısının məlum fərmanı ölkənin su sektorunda idarəetmə­nin təkmilləşdirilməsinə imkan yaratmaq­la yanaşı, bu sahədə iqtisadi fəallığın da artmasına gətirib çıxaracaq.

Məhəmməd ABDUYEV,
ADPU-nun ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru

Ölkə Prezidenti cənab İlham Əliyevin məlum fərmanı ilə Azərbay­can Respublikası Fövqəladə Hal­lar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yara­dılması vaxtında atılmış bir addımdır. Belə ki, ölkənin su ehtiyatlarından səmərəli istifadə etmək, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmə­ni təkmilləşdirmək, torpaqların melio­rasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq adıçəkilən qurumun qarşısında əsas vəzifə kimi qoyulub. 

Məlum olduğu kimi, son illər iq­lim dəyişiklikləri, su ehtiyatlarından səmərəsiz şəkildə istifadə olunması, bütün dünyada olduğu kimi, Azərbay­canda da ciddi su böhranı təhlükəsi yaradırdı. Elə bu sahədə aparılmış müxtəlif tədqiqatlar da ölkəmizin şirin su ehtiyatlarının 20 faizədək azalma­sını sübuta yetirmişdir. Öz növbəsində bu azalma tendensiyası ildən-ilə ge­nişlənirdi. Dövlət başçısının imzaladı­ğı fərman su təsərrüfatını əhatə edən bütün sahələrdə – suyun mənbədən götürülməsi, emalı, nəqli və irriqasiya sistemləri sahələrində keyfiyyət də­yişikliklərinə səbəb olmaqla yanaşı, həm yerüstü, həm də yeraltı sulardan daha səmərəli istifadə olunmasına gə­tirib çıxaracaq. 

Yeni qurumun qarşısında duran başlıca vəzifələrdən biri də ölkənin su balansının müəyyən edilməsi, mövcud su ehtiyatlarının tənzimlənməsi, su­dan səmərəli istifadə olunması və sair məsələləri əhatə edəcək. Eyni zaman­da, indiyədək su təsərrüfatının müxtə­lif təşkilatlarında çalışan kadrların, bu sahələr üzrə mütəxəssislərin də vahid bir qurumun daxilində birləşməsi təmin ediləcək. Vahid idarəetmə mexanizmi­nin yaradılması isə hər bir su anbarı­nın, su obyektinin, su ehtiyatlarının yenidən qiymətləndirilməsinə imkan yaradacaq. Çünki əvvəllər su təsərrü­fatında fəaliyyət göstərən ayrı-ayrı qu­rumların sahənin işinə müxtəlif yanaş­maları, müxtəlif metodikaları möcud idi ki, bu da sonda bir sıra problemlərə gə­tirib çıxarırdı. Yeni agentliyin fəaliyyəti dövründə su sektoru ilə bağlı müxtəlif ideyalar irəli sürülsə də, sonda vahid idarəçilik konkret bir fikrin ortaya çıx­masına səbəb olacaq. Odur ki, cənab Prezidentin məlum fərmanı vaxtında imzalanmış mühüm dövlət sənədidir. Həmin sənədin icrasında Azərbay­can Dövlət Su Ehtiyatları Agentliyinin, eləcə də qurumun tərkibində yaradı­lacaq sahələrin, struktur vahidlərinin fəaliyyətində uğurlar arzulayıram. Heç şübhəsiz, bu, Azərbaycanın su təsərrüfatında mühüm yeniliklərin baş verməsinə, ölkənin su ehtiyatlarından səmərəli istifadəsinə imkan yarada­caq.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

mehemmed11.jpg

İqtisadiyyat