Süni intellekt təhsili daha əlçatan və effektiv edə bilir

post-img

Günümüzün reallığı sayılan internetin əhatə dairəsi genişlənməkdədir. Bu şəbəkə vasitəsilə yaradılmış süni intellekt təhsilin də formasını dəyişərək, şagirdlərin öyrənmə və təhsilləri ilə qarşılıqlı əlaqədə inqilab etmək potensialına malikdir. Fərdiləşdirilmiş tədris təcrübələrigənclərə akademik məqsədlərinə və tam potensiallarına çatmaqda kömək edə bilər.

Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb–liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini, STEAM müəllimi, rəqəmsal bacarıqlar və ARTİ layihələri üzrə təlimçi, Elm və Təhsil Nazirliyinin VI qrant müsabiqəsinin qalibi Çinarə Kazımova ilə söhbətimiz bu barədədir.

– Çinarə xanım, öncə təhsildə süni intellektin əhəmiyyətindən danışardınız.

– Adaptiv öyrənmə platformaları tələbələrə fərdiləşdirilmiş öyrənmə təcrübəsi təqdim etmək üçün süni intellektdən istifadə edir. Bu platformalar öyrənmə ehtiyaclarını və tərəqqini təhlil edir, onların tədris metodlarını hər bir tələbənin ehtiyac və qabiliyyətlərinə uyğunlaşdırır. Ümumilikdə, süni intellekt tələbənin öyrənmə nəticələrini yaxşılaşdırmaq və ümumi təhsil təcrübəsini artırmaqla təhsili dəyişdirmək potensialıdır. Süni intellektlə işləyən sistemlər qiymətləndirmə və planlama kimi inzibati tapşırıqları sadələşdirməyə, müəllimlərin tədrisə və tələbə dəstəyinə diqqət ayırmaq üçün vaxtını azad etməyə kömək edə bilər.

– Süni intellekti hansı sahələrə tətbiq etmək olar?

– Suni intellekt elmin ən müasir sahələrindən biridir. Əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli məsələlərdən tutmuş, şahmat oynamaq, riyazi teoremləri isbat etmək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi məsələlər daxildir.

Den Broun "Başlanğıc” əsərində baş qəhrəman professor Lanqdonun dili ilə süni intellekt robotu Vinstona belə sual verir: "Sənin ümidlərin və xəyalların varmı?”. Bəli, insan yalnız intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri, xəyalları, arzuları, duyğuları, ən əsası, ruhu var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından həmişə bir addım öndə olacaq.

– Nəticə olaraq, süni intellektə təhsildə inqilab etmək və tələbələrə fayda vermək potensialına malik sahə deyə bilərik?

– Süni intellektin gücündən istifadə etməklə biz təhsili tələbələr üçün cəlbedici və səmərəli edə bilərik. Çünki süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Bu elm intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən, yaradıcı fəaliyyət göstərən intellektual proqram yaratmağı özünə məqsəd seçib. Eyni zamanda, bu, insan intellektinin araşdırılması kimi də başa düşülür.

– Bəs ağıllı repetitorluq sistemlərinin faydaları nədən ibarətdir?

– Ağıllı repetitorluq sistemləri tələbələrə dəstək vermək üçün alqoritmlərdən istifadə edir. Bu sistemlər hər bir tələbənin ehtiyaclarına uyğunlaşır və onlara mürəkkəb anlayışları öz sürəti ilə öyrənməyə kömək etmək üçün məqsədi güdür. “Duolingo” kimi dil öyrənmə proqramları tələbələrə fərdi dil öyrənmə təcrübəsi təqdim etmək üçün süni intellektlə işləyən nitqin tanınması texnologiyasından istifadə edir. Bu proqramlar real vaxt rejimində tələffüz və qrammatika ilə bağlı rəy təqdim edərək tələbələrə yeni dili daha effektiv öyrənməyə kömək edir. “Amazon”un “Alexa” və “Google Assistant” kimi virtual köməkçiləri tələbələrə müxtəlif yollarla dəstək və təlimat verə bilər. Tələbələr suallar vermək, xatırlatmalar təyin etmək və öyrənmə resurslarına daxil olmaq üçün virtual köməkçilərdən istifadə edə bilərlər. Çatbotlar tələbələrə psixi sağlamlıqla bağlı məsləhət və dəstək vermək üçün istifadə olunur. “Woebot” depressiya və narahatlıq əlamətləri yaşayan tələbələrə koqnitiv-davranış terapiyası təqdim edən chatbotdur.

– Məşhur Microsoft şirkətinin qurucularından biri Bili Geytsin proqnozlarına görə, elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti robototexnika olacaq. Siz necə düşünürsünüz?

– Elədir. Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.

Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar: robot manipulyatorlar, mobil robotlar və humanoid robotlar. Robot manipulyatorlar fiziki olaraq öz iş yerinə, məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı olur. Avtomobil zavodlarının əksəriyyətində istehsal prosesi robot manipulyatorlar vasitəsilə idarə olunur. Mobil robotlar təkərlər, ayaqlar, yaxud analoji mexanizmlər vasitəsilə hərəkət edir. Onlardan xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində konteynerlərin yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsində istifadə olunur. Humanoid robotlar fiziki quruluş baxımından insanı xatırladır.

– Maraqlı söhbət üçün təşəkkür edirəm.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”





İKT