Rüfət Hacılı “Paris-2024”-də Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub.

MPK-dan "Xalq qəzeti"nə bildirilib ki, Rüfət Hacılı 1992-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə ali təhsilini Bakı Dövlət Universitetində tamamlayıb. 2017-ci ildən MPK-da beynəxalq əlaqələr və marketinq şöbəsində fəaliyyətə başlayıb, hazırda isə həmin şöbənin müdiridir. Eyni zamanda, R.Hacılı Milli Abilimpiya Federasiyasının vitse-prezidenti və Beynəxalq Abilimpiya Federasiyasın İdarə Heyətinin üzvüdür.

R.Hacılı 2023-cü ildə X Beynəxalq Abilimpiya Çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları 28 avqust – 08 sentyabr 2024-cü il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Milli Paralimpiya Komitəsi və Ajan şəhərinin meriyası arasında imzalanmış müqaviləyə əsasən, 2024-cü ilin avqust ayında Oyunlara səmərəli hazırlaşmaq məqsədilə milli paralimpiya komandası üçün Ajan şəhərində təlim-məşq toplanışı təşkil ediləcək. XVII Yay Paralimpiya Oyunlarında ölkəmizin 7-8 idman növündə 45-50-yə yaxın idmançı ilə təmsil olunması gözlənilir.

 

"Xalq qəzeti"

İdman