Ümid Rüstəmovdan uğurlu start

post-img

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürüb. 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov otuzikidəbir final çərçivəsində Suleyman Samqhouli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:27) hesablı qələbəsi ilə yekunlaşıb. Rüstəmov növbəti görüşündə türkiyəli Batuhan Citfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq.

Eldar Quliyev (92 kq) isə otuzikidəbir finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlını (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuoru (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman