Anandın proqnozu özünü doğrulda bilər

post-img

Şahmat üzrə sabiq dünya çempionu Vişvanatan Anandın Astanada Şahmat Tacı uğrunda keçirilən turnirdən öncə mediaya verdiyi proqnozlar özünü doğrulda bilər. Hindistanlı qrossmeyster hələ turnir başlamamışdan əvvəl rusiyalı qrossmeyster Yan Nepomnyaşinin Dinq Lirenlə müqayisədə turnirin favoriti olduğunu söyləmişdi. O, çinli Lireni isə təhlükəli rəqib adlandırmışdı.

Qeyd edək ki, turnirin ilk günündə rusiyalı qrossmeyster Yan Nepomnyaşi ilə çinli qrossmeyster 49-cu gedişdə heç-heçəyə razılaşmışdı. 
Lakin yarışın ikinci günündə qeydə alınan nəticə artıq Anandın proqnozlarının özünü doğrultmağa başladığını göstərir. Belə ki, qrossmeysterlərin ikinci qarşılaşmasında Dinq Liren ağ fiqurlarla oynasa da, 17-ci gedişdə kobud səhvə yol verərək fili d3 xanasına çəkib, bundan məharətlə yararlanan təcrübəli Yan Nepomnyaşi 29-cu gedişdə rəqibini ağ bayraq qaldırmağa məcbur edib.

Xatırladaq ki, 2 il öncə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Maqnus Karlsenlə tac uğrunda yarışda rəqibini heç nə ilə təəccübləndirə bilməyən rusiyalı şahmatçı, nəhayət ki, 13 oyunluq qələbəsizlik seriyasına son qoyub. 

Qeyd edək ki, Nepomnyaşinin uğuru, eyni zamanda, son yeddi ildə bu turnirdə rusiyalı şahmatçıların ilk qələbəsidir. Belə ki, bundan 7 il əvvəl Sergey Karyakin norveçli dünya çempionu Maqnus Karlsenlə görüşdə qalib gəlmişdi. 

Onu da bildirək ki, bu görüşdən sonra Nepomnyaşi seriyada 1,5:0,5 hesabıyla öndədi. 

Qeyd edək ki, şahmatçılar 11, 14, 17, 19, 22, 25, 28 apreldə istirahət edəcəklər. 14 qarşılaşmadan sonra bərabərlik qeydə alınsa, aprelin 30-da tay-breyk oynanılacaq. 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman