Gimnastlarımız Sofiyada mübarizə aparacaqlar

post-img

Martın 31-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları start götürəcək. Üç gün davam edəcək yarışda ölkəmiz fərdi növdə təmsil olunacaq. Azərbaycanı Zöhrə Ağamirova və Alina Gözəlova təmsil edəcəklər. 

Yeri gəlmişkən, aprelin 21-dən 23-nədək Bakıda gimnastika üzrə növbəti yarış keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq Dünya kubokunda bir araya gələcəklər. 
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. 3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. 

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edilir ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq. 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman