Həştərxanda Xəzərlə bağlı elmi-praktik konfrans

post-img

Rusiya Federasiyasının Həştərxan vilayətində “Xəzər makroregionunun kompleks təhlükəsizliyi problemləri” mövzusuna həsr olunan beynəlxalq elmi-praktik konfransda Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev təmsil edib.

Onun “Dəyişən dünyada beynəlxalq gənc inisiativlər”adlı bölmə iclasında “Mentor-tələbə” mövzusuna həsr olunan çıxışı maraqla qarşılanıb. O, eyni zamanda “Xəzəryanı regionların dayanıqlı inkişaf prioritetləri və yeni imkanlar”, “Xəzəryanı ölkələrdə milli çərçivələr daxilində ali təhsilin beynəlmiləlləşdirilməsi” adlı plenar sessiya və panel-diskussiyaya, həmçinin Beynəlxalq ekspert-analitik mərkəzində keçirilən tədbirə qatılıb.

Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov ölkəmizin təmsilçiləri ilə görüşündə “Xəzər beşliyi” ittifaqı çərçivəsində Xəzər sahilinin perspektiv istirahət zonalarının müəyyənləşdirilməsini şərtləndirən ekspedisiyaların təşkili, dəniz suyundan illik istifadə qaydalarının tərtibi, turizm mütəxəssislərin hazırlığı prosesində Xəzəryanı ölkə universitetləri platformasında birgə işçi qrupların yaradılması, vahid informasiya bazasının təşkili üzrə elmi-metodik mərkəzin yaradılması, Xəzəryanı ölkələrin ali təhsil müəssisələrinin rektorları birliyinin yaradılması, müxtəlif elmi istiqamətli müştərək monoqrafiyaların hazırlanması məsələləri məqsədəuyğun sayılıb.

“Xəzər makroregionunun kompleks təhlükəsizliyi problemləri” mövzusuna həsr edilən beynəlxalq elmi-praktik konfransda Azərbaycanın Elm və Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, həmçinin İran İslam Respublikası, Rusiya Federasiyası, Türkmənistan, Qazaxıstan və  Özbəkistan təmsilçiləri, o cümlədən KİV nümayəndləri iştirak ediblər.

Z.HÜSEYNOVA,
“Xalq qəzeti”



Elm