Mikayıl Müşfiqin doğum günü münasibətilə sərgi təşkil edilib

post-img

1908-ci il iyun ayının 5-i XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib. 

Sərgidə şairin yaradıcılığını əhatə edən MEK fondlarındakı nəşrlər təqdim edilib. Onların sırasında “Seçilmiş əsərləri”, “Mikayıl Müşfiq. Biblioqrafiya”, “Əbədiyyət nəğməsi”, “Müşfiq və folklor”, “Müşfiqli günlərim”, “Üç budaq” və digərləri var.

Kitablarda ölməz Müşfiqin müxtəlif illərdə yazdığı çeşidli poetik növ və formalardakı əsərləri, tərcümələri toplanıb.

Xatırladaq ki, M.Müşfiq poetik yaradıcılığa 1926-cı ildə “Gənc İşçi” qəzetində çap edilən “Bu gün” şeiri ilə başlamışdır. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc İşçi” qəzetində şeirlərini dərc etdirir. 1932-ci il şairin həyatında ən məhsuldar illərdən olmuşdur. Bu dövrdə “Günün səsləri” “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir. Uşaq ədəbiyyatına da xüsusi önəm verən Mikayıl Müşfiqin yaradıcılığında “Şəngül. Şüngül, Məngül”, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya “ poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirlərə rast gəlmək mümkündür.

1937-ci ildə çap üçün hazırladığı “Çağlayan” kitabına yaradıcılığının ən qiymətli əsərləri sayılan  “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” adlı şeirllərini  daxil etmiş, amma sağlığında kitabı çap etdirə bilməmişdir. Həmin kitab şairin faciəli ölümündən sonra işıq üzü görmüşdür. 

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm