Nizami Gəncəvi ona həftə həsr edən xalqa deyil, əsrlər həsr edən xalqa mənsubdur

post-img

Bu gün Azərbaycan nizamişünaslığının miqyası çox genişdir. Ulu Öndər Heydər Əliyevin memarı olduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlətə çevirdiyi müasir müstəqil Azərbaycan nizamişünas alimlər, tanınmış siyasi xadimlər tərəfindən dünyanın çağırışlarının, qlobal problemlərinin müzakirə edildiyi və həlli yollarının müəyyənləşdirildiyi mərkəz kimi şöhrət tapıb.

Müstəqil Azərbaycanın dünyada artan nüfuzunu, bölgədə söz sahibi olduğunu həzm edə bilməyənlər milli və etnik əsası olmayan sərsəm xülyalarla nəyəsə nail olacaqlarını düşünsələr də, bu, qeyri-mümkündür. Çünki Nizami Gəncəvi ona həftə həsr edən xalqa deyil, əsrlər həsr edən xalqa mənsubdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov söyləyib.

Əlimuxtar Muxtarov deyib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin 840 illik yubileyi ərəfəsində söylədiyi “Nizami Gəncəvi elə bir sənətkar, elə bir dahidir ki, onun yubileyini hər il keçirmək lazımdır” kəlamı ilə Nizami Gəncəviyə yanaşmanın milli strategiyasını məyyənləşdirib”.

Şöbə müdiri xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Bu, Azərbaycan nizamişünaslığının ən mühüm tarixi nailiyyətidir.

“Prezidentin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il təşkil edilən Qlobal Bakı forumları da məhz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərinin, tolerantlığının, multikultural düşüncəsinin, yaşayışının bütün dünya xalqlarına ərməğanıdır. Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir” dahiyanə fikri bu kontekstdə tarixə məşəl tutmaqla yanaşı, dahi azərbaycanlının milli mənsubiyyətini təhrif etməyə çalışanlara tutarlı cavabdır.

Nizami Gəncəvinin yaşadığı dövrdən, əsərlərini qələmə aldığı zamandan bizi 800 ildən artıq zaman ayırsa da, onun əsərlərində milli mənsubiyyəti ilə bağlı toxunduğu mətləblər bu gün də günəş kimi parlaq, səma kimi aydındır. Ölməz “Xəmsə”sində milli mənsubiyyəti ilə yanaşı, toxunduğu, izah etdiyi hər bir mətləbə hansı dövrdə kimin müdaxilə etməsindən asılı olmayaraq, yuxusuz gecələrinin məhsulu olan bütün misraları onun milliyyətini, məkanını, dünyagörüşünü təhrif etməyə imkan verməmiş və verməyəcəkdir. Çünki Nizami Gəncəvinin əsərlərində dini və siyasi sərhəd tanımayan bəşəri düşüncələri məhz onun mənsub olduğu türk soyunun və məkan qurduğu Azərbaycanın-Gəncənin bu mövzuda dünyaya səslənişidir.

Dahi şair təkcə yaşadığı ömür payının deyil, həm də ölümündən sonrakı dövrlərdə də ruhunun, yaşadığı məkanın, şəxsiyyətinin sanki yol xəritəsini müəyyənləşdirib:

نهان مرا آشکارا برند

ز گنجه است اگر تا بخارا برند

Mənim gizlinlərimi ki, açıq-aşikar oğurlayırlar,

Onları Buxaraya qədər aparsalar da, Gəncədəndir...

“İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsində yer alan bu beyt 8 əsr əvvəl yazılsa da, günümüzün cahil və baxar korlarına bir sillədir.

Daha əvvəl qələmə aldığı “Sirlər xəzinəsi” poemasında də dahi mütəfəkkir uzaqgörənliklə yenə də çağımızın problemlərinə, dedi-qodularına dahiyanə münasibət bildirərək hər kəsə öz yerində oturmağı məsləhət bilir:

بابل من گنجه هاروت سوز

زهره من خاطر انجم فرو

Mənim Babilim Harutu yandıran Gəncədir,

Mənim Zöhrəm ulduzları işıqlandıran xatirimdir..

Nizami Gəncəvi dövrümüz üçün aktual hesab edilən təkcə məkan anlayışından çıxış etmir, eyni zamanda, mənsub olduğu Azərbaycan türkü olması ilə fəxr edir, öyünür. İkinci məsnəvisi “Xosrov və Şirin”də isə toxunduğumuz mövzunun kulminasiya nöqtəsini izləyirik.

گر او ماهست ما نیز آفتابیم

و گر کیخسرو است افراسیابیم

Əgər o aydırsa, biz afitabıq

O Keyxosrovdursa, biz Əfrasiyabıq.

Fundamental elmi əsaslar və günümüzə qədər gəlib çatan orijinal əlyazmalardan süzülən bu beytlərin sayını istənilən qədər artıra bilərik. Bu misraların ən mühüm cəhəti odur ki, bu misralarda Nizami Gəncəvidən başqa kimsə danışmır. Fikirlər, sözlər dahi mütəfəkkirin özünə məxsusdur, birbaşa əlyazmalarında öz əksini tapmışdır”, - deyə Əlimuxtar Muxtarov bildirib.

Elm