Avropa İttifaqı ilk dəfə Çin şirkətlərinə sanksiya tətbiq etməyə hazırlaşır

post-img

“Financial Times” qəzeti yazır ki, Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi düşünür. Bu firmalar, Brüsselin fikrincə, Rusiyaya silahların yaradılmasında istifadə oluna biləcək komponentlər verir. Məhdudiyyət ittifaqın bütün 27 ölkəsi ilə razılaşdırıla bilsə, bu, onların Çin şirkətlərinə qarşı tətbiq edəcəkləri ilk sanksiya olacaq.

Yeni 11-ci sanksiyalar paketinə Çindən yeddi, Birləşmiş Ərəb Əmirliklərindən iki və Ermənistandan bir şirkət daxil ola bilər. Onların arasında materik Çindən “3HC Semiconductors” və King-Pai Technology”, Honq Konqdan beş firma – “Sinno Electronics”, “Sigma Technology”, “Asia Pacific Links”, “Tordan Industry” və “Alpha Trading Investments” var. Onların hamısı yarımkeçiricilərin, mikroçiplərin və elektronikanın inkişafı ilə məşğuldur. Avropa Komissiyası “3HC”-ni ABŞ mallarının tədarükü ilə bağlı ixrac nəzarətindən yan keçməyə çalışmaqda ittiham edib. Həmçinin “qara siyahı”ya İran firmaları da daxil edilən bilər.

Sənəddə sadalanan bəzi şirkətlər artıq ABŞ-ın sanksiyaları altındadır. FT-nin qeyd etdiyi kimi, Brüssel Rusiyaya silah ötürülməsinə dair dəlil görmədiyi üçün indiyədək Çinə qarşı sanksiyalardan yayınıb. 11-ci sanksiyalar paketinin layihəsində Ukraynada hərbi əməliyyatların aparılmasında “Rusiyanın hərbi-sənaye kompleksinin istifadəsi üçün” elektron komponentlərin əsas dəstəkləyici rolu qeyd edilib. Brüssel "ticarət məhdudiyyətlərindən yan keçməkdə iştirak edən" üçüncü ölkələrin təşkilatlarının “qara siyahı”ya salınmasını məqsədəuyğun hesab edir. 

Avropa İttifaqı 11-ci sanksiyalar paketində əsas diqqəti Rusiyaya qarşı sanksiyalardan yayınma imkanlarının bağlanmasına yönəldib. KİV-in məlumatına görə, Aİ Rusiya ərazisindən bir çox malların tranzitinə qoyulan qadağanı da genişləndirmək niyyətindədir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya