AzMİU iki mühüm beynəlxalq akkreditasiyadan keçib

post-img

Geridə qoyduğumuz tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq təhsil məkanında böyük irəliləyişlərə imza ataraq inşaat mühəndisliyi və nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə iki mühüm beynəlxalq akkreditasiyadan keçib.

Qeyd olunub ki, bu nailiyyət universitetin beynəlxalq səviyyədə tanınması ilə yanaşı, məzunlarına dünya əmək bazarında sərhədsiz karyera imkanları yaradır. Universitet təhsil prosesinin keyfiyyətini beynəlxalq standartlarla uyğunlaşdıraraq regionda profili üzrə lider mövqeyini daha da gücləndirir.

Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi (IAAR) tərəfindən həyata keçirilən proses nəticəsində AzMİU-nun inşaat mühəndisliyi və nəqliyyat tikintisi mühəndisliyi ixtisaslarının dünya səviyyəsində tanınması təsdiqlənib. Bu akkreditasiya məzunlara diploma əlavə sənədləri ilə qlobal iş bazarında üstünlük qazandırır. Universitetin müasir dövrün tələblərinə cavab verən tədris proqramları beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır.

Daha bir uğur isə Memarlıq fakültəsi ilə bağlı olub. Memarlıq fakültəsi Britaniya Memarlarının Kral İnstitutu (RIBA) tərəfindən növbəti beş il müddətinə akkreditasiyadan keçərək beynəlxalq təhsil sahəsində əhəmiyyətli uğura nail olub. RIBA ekspertlərinin apardığı təhlillər nəticəsində tədris keyfiyyəti, professor-müəllim heyəti, maddi-texniki baza və ümumi təhsil mühiti yüksək səviyyədə qiymətləndirilib. Bu akkreditasiya AzMİU-nun memarlıq təhsilində nəinki yerli, qlobal liderliyini də təsdiq edir.

AzMİU təhsil prosesini innovativ üsullarla zənginləşdirərək rəqəmsal transformasiyanı mərkəzə qoyur. Elektron universitet modelinin tətbiqi tədris prosesini şəffaflaşdırır və tələbələr üçün daha əlçatan edir. Eyni zamanda, müasir laboratoriyalar, yeni tədqiqat mərkəzləri və yüksək texnologiyalı infrastrukturun yaradılması universitetin dünya standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlardır.

Universitetin tədqiqatyönümlü fəaliyyətə fokuslanması təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də diqqət çəkir. Xüsusilə Qarabağın bərpası və yenidən qurulması ilə bağlı həyata keçirilən tikinti və infrastruktur layihələri universitetin mühəndislik və memarlıq sahələrində elmi-tədqiqat imkanlarını artırır. Bu, həm milli iqtisadiyyata töhfə verir, həm də beynəlxalq əməkdaşlıq üçün zəmin yaradır. AzMİU-nun beynəlxalq akkreditasiya prosesində iştirak etməsi tədrisin keyfiyyətini şəffaflıq və obyektivliklə təmin edir. Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən qiymətləndirmələr universitetin inkişaf planlarının düzgün istiqamətdə olduğunu göstərir və təhsil mühitinə güvəni artırır.

AzMİU beynəlxalq əməkdaşlıq strategiyasını genişləndirərək xarici universitetlərlə sıx əlaqələr qurur. Tədris proqramlarının modernləşdirilməsi, tələbə və müəllim mübadilələri, birgə tədqiqat layihələri bu istiqamətdə həyata keçirilən uğurlu addımlardandır. Universitet qlobal təhsil şəbəkəsinin fəal üzvü kimi regionda qabaqcıl mövqeyini qoruyur. AzMİU-nin əsas məqsədi qabaqcıl dünya standartlarına uyğun bir universitetə çevrilməkdir. Maddi-texniki bazanın gücləndirilməsi, müasir tədris metodlarının tətbiqi və tədqiqat potensialının artırılması bu strategiyanın əsas tərkib hissəsidir. Həm memarlıq, həm də mühəndislik sahəsində beynəlxalq tanınma universitetin bu istiqamətdə əldə etdiyi mühüm nailiyyətlərdən biridir.

Universitet beynəlxalq akkreditasiya uğurları ilə ölkənin tikinti və memarlıq sektorunda mühüm mövqeyə sahibdir. Bu nailiyyətlər universitetin yalnız təhsil müəssisəsi kimi deyil, həm də elmi-texnoloji və peşəkar mərkəz kimi inkişaf etdiyini sübut edir. AzMİU innovativ yanaşmaları və dinamik fəaliyyətləri ilə gənc nəsillərə qlobal səviyyədə rəqabətədavamlı təhsil təqdim edir.









Təhsil