ADPU-nun Şəki filialının yeni direktoru kollektivə təqdim olunub

post-img

Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının yeni direktoru, dosent Vurğun Məmmədov kollektivə təqdim olunub.

Yeni direktoru kollektivə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov və rektorun müşaviri Ümid Mehdiyev təqdim ediblər. 

Tədbirdə filialın elmi-pedaqoji heyəti, eləcə də bundan əvvəl filiala rəhbərlik etmiş dosent Rafiq Rasulov və direktor vəzifəsini müvəqqəti icra edən, dosent Nurəli Çələbiyev iştirak edib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən ADPU-nun Şəki filialına direktor təyin olunan Vurğun Rəhim oğlu Məmmədov 12 dekabr 1971-ci il tarixində anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində təhsil alıb, 1997-1999-cu illərdə Ümümi tarix ixtisaslaşması üzrə magistiratra təhsili alıb. 2010-cu ildə “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın yazıçı və maarifçilərinin əsərlərində xalq məişətinin əksi (Ü.Hacıbəyov və Ə.Haqverdiyev)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2000-ci ildən ADPU-nun Azərbaycan tarixi kafedrasında işləyir və hazırda kafedranın dosentidir.

V.Məmmədov, həmçinin 2003-2024-cü illərdə Pedaqoji Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərib.

Mərasimdən sonra filialda və regionda uzun müddət səmərəli elmi-təşkilati və pedaqoji fəaliyyətlərinə görə bir qrup əməkdaşa “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalı təqdim olunub. O cümlədən, “Alqoritmika” şirkəti tərəfindən təşkil olunan “Proqramlaşdırma dili I (Python)” təlim kursunu uğurla bitirən filial əməkdaşlarına sertifikatlar verilib.





Təhsil