Məktəblilərdən YAŞAT Fondu üçün xeyriyyə tamaşası

post-img

Paytaxtdakı 220 nömrəli məktəb-lisey şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilən tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib. 

Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu tamaşanın əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.

Məktəblilərin ilk təşəbbüsü olan xeyriyyə tamaşasının nümayişindən öncə 220 nömrəli məktəb-lisey ansamblı üzvlərinin skripka və tarda canlı ifaları və məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub.

Tamaşa barədə təəssüratlarını bölüşən BŞTİ müdiri Mehriban Vəliyeva bildirib ki, uşaqların intellektual inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, estetik tərbiyəsinin təmin edilməsi məqsədilə həyata keçirilən təşəbbüslərin önəmini vurğulayıb. İdarə müdiri  qeyd edib ki, Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Bakının kiçik yaşlı məktəblilərinin nümayiş etdirdikləri xeyriyyə tamaşası onların Vətən üçün həmrəy olduqlarını göstərməklə bərabər, həm də xeyriyyəçilik, dostluq, sülhə çağırış, yardımlaşma ənənəsinin təlqin edilməsi baxımından əhəmiyyətlidir. səhnəsindəki çıxışı onlara yaradıcılıq baxımından özünə inam hissi aşılayır. 

Xeyriyyə tamaşasında Prezident Administrasiyasının şöbə müdiri  Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, “YAŞAT” Fondunun rəhbərliyi, media qurumlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məktəb direktorları iştirak ediblər. 
Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “YAŞAT” Fonduna köçürülüb. 

Anar Əli,
“Xalq qəzeti”



Təhsil