Lənkəranın ilk mühəndisi

post-img

Ölkəmizin cənubunda, mavi Xəzərin sahilində yerləşən Lənkəran şəhərinin memarlığı onun çoxəsrlik tarixi, mədəniyyəti və coğrafi təsiri altında formalaşıb. Tarixi ənənələrlə yanaşı, Lənkəran memarlıq məktəbi də öz zənginliyi, nadir üslubları ilə bu şəhərə bənzərsizlik gətirib. Burada qədim və müasir memarlığın harmoniyası daha aydın nəzərə çarpır.

Bu gün Lənkəran Azərbaycanın milli və beynəlxalq memarlıq ənənələrinin qorunub zənginləşdirildiyi abad, gözəl şəhərdir. Bir neçə əsr əvvəl şəhər salınarkən burada həm yeni, həm də qədim memarlıq nümunələri nəzərə alınıb. Nəticədə, şəhərin mədəni və tarixi irsinin qorunması, müasir infrastrukturun inkişafı təmin edilib. Lənkəranda yeni layihələr əsasında çoxsaylı yaşayış evlərinin, ictimai binaların, körpülərin tikilməsində cənub bölgəsinin ilk ali təhsilli mühəndisi Qüdrət Səmədzadənin misilsiz xidmətləri olub.

Qüdrət Muxtar oğlu Səmədzadə 1910-cu ildə Lənkəran şəhərinin Kiçik bazar məhəlləsində dünyaya göz açıb. İlk təhsilini doğma şəhərdə alıb. 1933-cü ildə Bakı Sənaye Texnikumunu bitirdikdən sonra N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinə qəbul olunub. O vaxt hər azərbaycanlıya Sovetlər İttifaqının paytaxtında təhsil almaq qismət olmurdu. Mərkəzdə oxuyanlarla Azərbaycanın rəhbəri şəxsən maraqlanır, maddi və mənəvi dəstək göstərirdi. Elə bu məqsədlə ölkə başçısı Mircəfər Bağırov universitetə gələrək azərbaycanlı tələbələrlə görüşür. Qüdrət Səmədzadənin soyadı onun diqqətindən yayınmır. Sən niyə zadəsən, - deyə soruşanda gənc Qüdrət susur. Elə soyadına görə digər iki yoldaşından fərqli olaraq rəhbərin yardımından kənarda qalır.

Moskvanın soyuq qışı, sərt iqlimi səhhətinə təsir etdiyindən Bakıya qayıtmalı olur. Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsilini davam etdirir. 1938-ci ildə təhsilini başa vurub təyinatla Sankt-Peterburq şəhərinə göndərlir. Burada işləyərkən Sovet-Finlandiya müharibəsinə səfərbərliyə alınır və körpülər üzrə minaaxtaran kimi xidmət göstərir. 1940-cı ilin fevral ayında müharibənin bitməsinə bir ay qalmış ağır yaralanır və ordudan tərxis edilir.

Gənc mühəndis Vətənə qayıtdıqdan sonra Lənkəran rayon torpaq şöbəsində ilk ali təhsilli mühəndis kimi fəaliyyətə başlayır. O dövrdə ixtisaslı kadrlar çatışmadığından həm də şəhərin memarı olaraq inzibati və sosial binaların, fərdi evlərin layihələrini hazırlayıb. Eşidəndə ki, kimsə ev tikmək istəyir, layihəsini hazırlayaraq sahibinə bağışlayıb. Bu gün şərq memarlıq xüsusiyyətləri, milli oramentləri ilə seçilən neçə-neçə binada, yaraşıqlı fərdi evlərdə onun izi yaşayır.

Qüdrət Səmədzadə təkcə Lənkəranda deyil, ətraf rayonlarda da peşəsini dərindən bilən təcrübəli mühəndis kimi tanınıb. 1930-cu illərdə müsadirə edilmiş mülkləri və onların sahiblərini yaxşı tanıdığı üçün onu canlı arxiv adlandırırdılar. Sonradan mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr onun şəxsən iştirakı ilə yoluna qoyulurdu.

Bacarıqlı, yüksəkixtisaslı mühəndis kimi nüfuz qazanmış Qüdrət Səmədzadə strateji əhəmiyyətli obyektlərin layihələrinin hazırlanmasında yaxından iştirak edib. Salyan rayonunun ərazisində Kür çayının üzərində avtomobil körpüsü salınarkən tikintidə çoxlu səhvlər aşkar edib və deyib ki, bu körpü heç 50 il dözməz. İllər keçəndən sonra dedikləri təsdiq olunub. Lənkəranda Xanbulançay dəryaçası kimi nəhəng suvarma obyektinin inşasında da onun məsləhətləri, dəyərli təklifləri nəzərə alınıb.

Övladlarından Fikrət və Qəhrəman ali təhsilli mühəndis kimi atanın sənət yolunu ləyaqətlə davam etdiriblər. Fikrət uzun illər Bakı mərmər zavodunda, Qaradağ daş karxanasında, Qəhrəman isə Lənkəran şəhərində ixtisası üzrə rəhbər vəzifələrdə işləyib, böyük hörmət və nüfuz qazanıblar.

İxtisasca ingilis dili müəllimi olan gəlini Lalə Səmədzadə deyir:

– Qüdrət müəllim canlı tarix idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü və sovet dönəmində baş vermiş hadisələrin şahidi idi. Nəriman Nərimanovun Lənkərana gəlişini yaxşı xatırlayırdı. Hüseyn Cavidin, Mikayıl Müşfiqin vurğunu idi. İnsanlara təmənnasız yaxşılıq etməyi çox sevirdi. Oğlum Rəşad, qızlarım Fidan və Zümrüd başqa ixtisaslar seçsələr də, həyatda babalarına oxşamağa çalışırlar.

Əvvəllər Lənkəran şəhərinin baş memarı işləmiş Alim Məmmədov bildirir ki, Qüdrət Səmədzadə memarlıq, şəhərsalma səhəsində zəngin irs qoyub. Onun keçdiyi yol, həyat təcrübəsi böyük məktəbdir. Neçə-neçə nəsil mühəndis, memar quruculuq təcrübəsini ondan öyrənib, hər birimiz üçün nümunə, örnək olub.

Lənkəranın ilk ali təhsilli mühəndisi Qüdrət Səmədzadənin xatirəsinin əbədiləşdirilməsi, bir vaxtlar yaşadığı mənzilin divarına xatirə lövhəsinin vurulması onu nəsillərin yaddaşında əbədi yaşatmağa xidmət edər. Buna onun haqqı var.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat