Şəhərdə rəngarəng bayram şənlikləri keçiriləcək
Daha bir il qazandığımız uğurlarla, ümidli arzularla başa çatmaqda, tarixə çevrilməkdədir. Artıq ölkəmizin hər yerində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına hazırlıqlar başlayıb. Azadlığın bəxş etdiyi qürurla, vüqarla cilvələnən Xankəndi şəhəri də bayram libası geyinir, yeni il əhval-ruhiyyəsinə bürünür.
Tezliklə Qarabağımızın bu gözəl guşəsində növbəti “Qış nağılı” başlayacaq. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək “Qış nağılı” adlı bayram yarmarkası şəhərin Zəfər meydanında dekabrın 27-də açılacaq, yanvarın 5-dək davam edəcək. Yarmarkaya Xankəndidə fəaliyyət göstərən bir çox müəssisə və şirkətlər qatılacaq. Burada, həmçinin artıq öz ata-baba yurdlarına qayıtmış fərdi şəxslər tərəfindən də məhsullar satışa çıxarılacaq.
Hazırda “Qış nağılı”na hazırlıq işləri sürətlə davam etdirilir. Yarmarkanın keçirildiyi ərazidə quraşdırılan rəngarəng işıq effektləri, bir-birindən maraqlı stendlər, əyləncə attraksionları bu məkanı daha da cazibədar edəcək, bura axışan insanlar sanki nağıllarda olduğu kimi, sehrli aləmə düşəcəklər.
Bayram tədbirləri bununla yekunlaşmayacaq. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dekabrın 29-da maraqlı konsert proqramı təqdim olunacaq, 2025-ci illə isə Xankəndi möhtəşəm atəşfəşanlıqla vidalaşacaq. Artıq şəhərin hər yerində sürətlə bayrama hazırlıqlar gedir. Zəfər meydanda şam ağacı qurulub, küçələr, parklar Yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri doğma sakinlərini və qonaqlarını unudulmaz bayram ab-havası ilə sevindirməyə, onlara yaddaqalan anlar bəxş etməyə hazırlaşır.
Şəhərdə görülən işlər, Xankəndinin gözəlləşən siması burada yaşayan, işləyən insanlarda da sonsuz qürur və fəxarət hissi yaradır. Üçrəngli bayraqlarımızın dalğalandığı, yolka və işıqlarla bəzədilmiş Pianino parkında həmsöhbət olduğumuz 75 yaşlı Vidadi Qasımov dedi ki, illər sonra yenidən azad Xankəndidə bayramları qarşılamağa hazırlaşmaq möhtəşəm hissdir:
– Mən burada doğulub-böyümüşəm. Qarabağda erməni separatizmi baş qaldıranda doğma şəhərimi tərk etməyə məcbur oldum. Düzü, nə vaxtsa geri dönəcəyimə ümidim az idi. Çox şükür, ömür vəfa etdi, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, sarsılmaz iradəsi sayəsində torpaqlarımızın işğaldan azad edilməsini gördüm, ata-baba yurduma qayıtmaq mənə də nəsib oldu. İndi fikirləşin ki, şəhərdə aparılan quruculuq işlərinin, bayram hazırlıqlarının şahidi olmaq məni necə xoşbəxt edir. Oğlumun işi ilə əlaqədar 8 aydır Xankəndidəyəm. Yaxında nəvələrim də bura gələcək, Yeni ili onlarla azad şəhərimdə qarşılayacağam. Mən yaşda insan üçün bundan gözəl, bundan şirin daha nə ola bilər?
Vidadi kişi qəzetimiz vasitəsilə bütün qarabağlıların hamısına tezliklə ata yurdlarına qayıtmağı arzuladı, xüsusilə gənclərin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işlərində həvəslə iştirak etmələrini, bu azadlığın qədrini-qiymətini bilmələrini dilədi.
Oğlunun işi ilə əlaqədar ilyarımdır Xankəndidə yaşayan Arifə İsmayılova da burada Yeni ili qarşılamağa hazırlaşmağın insana çox möhtəşəm duyğular bəxş etdiyini bildirdi:
– Nə vaxtsa Qarabağa qayıtmaq ən böyük arzumuz olub. İndi fəxr edirəm, qürur duyuram ki, doğulduğum doğma Ağdərəm də, Ağdamımız, Xocalımız, Şuşamız, bir sözlə, bütün işğal altındakı torpaqlarımız da azad edilib. Xankəndinin gündən-günə gözəlləşməsi bizi çox sevindirir. Görülən işlərə baxdıqca, insanın ürəyi açılır. Allah bizə bu günləri nəsib edən şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun, ordumuzu hər zaman müzəffər etsin!
Xankəndinin gündüzləri, Arifə xanımın dediyi kimi, daha ürəkaçan, rəngbərəng işıqlara qərq olmuş gecələri daha ecazkardır. Odur ki, qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili bu tarixi şəhərimizdə qarşılamaq hamımız üçün əlçatan arzuya çevrilməlidir. Axı Xankəndi həm də çox qonaqpərvərdir...
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi


