“Odlar yurdu” sürətlə turizm ölkəsinə çevrilir
Azərbaycan gözəlliklər məskənidir. Bu cənnətməkan ölkənin laləli çölləri, zirvəsi ağ örpəkli, yamacı yaşıl meşəli dağları, coşqun çayları, füruzə qaşlı üzüyə bənzər gölləri, diş göynədən bulaqları insana min bir gözəllik duyğusu bəxş edir. Qədim və şanlı tarixi olan Azərbaycan təbii sərvətləri ilə yanaşı, mənəvi zənginliyi ilə də yaxın-uzaqlarda məşhurdur.
Bir çox xalqların səyyahları, görkəmli elm və sənət adamları yurdumuzu qarış-qarış gəzib, bu möcüzələr diyarının gözəlliklərinə vurğun olublar. Söz adamları bu gözəlliklər və zənginliklər məkanını sevgi və ilhamla tərənnüm ediblər. Tarixən, “Odlar yurdu” kimi tanınmış ölkəmiz “qara qızıl”ı, kəhrəba buğdası, dadlı-ləzzətli meyvələri, sərin, şəfalı yaylaqları, xoşniyyət, mehriban, qonaqpərvər insanları əcnəbiləri bu gün daha çox heyran qoyur.
Çevrəmizin maddi aləmi son dərəcə gözəl, zəngin və rəngarəngdir. Əslində, biz özümüz də təbiət adlanan bu aləmin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Dünya çox gözəl, həm də hikmətlidir. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlar da daxil olmaqla, saysız-hesabsız canlıların əhatəsindəyik. Bütün bunlar bizə gəl-gəl deyir, qəlbimizi oxşayır, düşüncəmizi zənginləşdirir. Turizm bu tələbatı ödəmək üçün geniş qapılar açır, hər cür rahatlıq və təmas imkanlar yaradır.
Əslində, Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü – florasını və canlılar aləmini – faunasını qorumalıyıq.
Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhval-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Azərbaycanın bütün bölgələri zəngin bitki örtüyü və sıx meşələri ilə daim turistlərin marağında olmuşdur. Təbiəti qorumaq öz sağlamlığımızı qorumağımız deməkdir. Hamımızın borcu olan bu işə laqeyd yanaşsaq illər sonra təbiətdə bunun ciddi fəsadlarını görəcəyik. Belə ki, təbiətin məhv olması həmin yerdə selin, daşqınların, güclü küləklərin baş verməsinə və ən əsası oksigen ehtiyatının azalmasına gətirib çıxaracaq. Bu isə canlı orqanizimin, bəşəriyyətin məhv olması ilə nəticələnə bilər.
Vətənimizin təbiəti çox gözəl və rəngarəngdir. Azərbaycanda başı qarlı dağlar, geniş yaşıl düzənliklər var. Ölkəmizin şimalında Böyük Qafqaz, qərbində və cənub-qərbində Kiçik Qafqaz, cənub-şərqində Talış dağları uzanır. Bazardüzü, Şahdağ, Babadağ, Dəlidağ, İlandağ Azərbaycanın ən uca dağları və dağ zirvələridir. Ölkəmiz təbii ehtiyatlarla zəngindir. Bu təbii ehtiyatlara insanın yaşaması üçün istifadəsi mümkün olan hər şey daxildir. Faydalı qazıntılar, torpaq, su mənbələri, meşələr, okean və dənizlər təbii ehtiyatlardır.
Planetimizin 11 iqlim tipindən 9-nun ölkəmizdə olması müxtəlif növ bitkilərin əkilib-becərilməsi üçün əlverişli şərait yaratmışdır. Yurdumuzda 8 min 300-dən çox çay, 250-dən çox göl və su anbarı vardır. Kür və Araz Azərbaycanın ən böyük çaylarıdır. Bu çaylar Türkiyə dağlarından axıb gəlir, Azərbaycanın ərazisində birləşərək Xəzər dənizinə tökülür. Xəzər dünyanın ən böyük gölüdür. Ərazisi çox böyük olduğuna və dənizə aid bir çox xüsusiyyətlərinə görə onu dəniz adlandırırlar.
Azərbaycanın Göygöl, Maralgöl, Batabat kimi gözəl mənzərəsi olan gölləri çoxdur. Təbiətin möcüzəsi Göygölün suyu çox şəffaf olduğu üçün 13 metr dərinliyi görmək olur. Gölün suyu üç qatdan ibarətdir: şirin su qatı, keçid qatı, zəhərli kükürd qatı. Maraqlıdır ki, bunlar bir-birinə qarışmır. Göl sıx meşələrlə əhatə olunmuşdur. Azərbaycanın bitki örtüyü çox zəngindir. Respublikamızda 4500 bitki növü, Dəmirağac, Eldar şamı, Saqqızağacı kimi qiymətli, nadir ağaclar bitir.
Ölkəmizin heyvanlar aləmi də çox zəngindir. Ölkəmizdə 30 mindən çox heyvan növü vardır. Azərbaycan dövləti nadir bitki və heyvan növlərini qorumaq məqsədilə qoruqlar, milli parklar və yasaqlıqlar yaratmışdır. Nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növləri Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir. Dünyada analoqu olmayan Naftalan müalicə nefti də, Duzdağ da Azərbaycandadır. Palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Ölkəmiz müalicəvi əhəmiyyətli mineral sularla zəngindir. Buna görə Azərbaycan ərazisini “mineral sular muzeyi” adlandırırlar. Vətənimizin gözəl və zəngin təbiəti hər bir insanı cəlb edir. Sadaladığımız arqumentlər Azərbaycana turist axınını və onun sayının ilbəil artmasını şərtləndirir.
Dediklərimizi rəqəmlər kəmiyyət baxımından yığcam və dəqiq ifadə edir. 2025-ci ilin yanvar–may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979 min 900 və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumata görə, ölkəmizə gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.
Azərbaycana bu il səyahət edənlərin sayını ötən ilin eyni dövrü ilə müqayisə etsək belə bir mənzərə ilə qarşılaşarıq: Turist kimi İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan – 1,7 dəfə, Çindən – 1,5 dəfə, İordaniyadan –- 44,3 faiz, Qırğızıstandan – 39,5 faiz, Yaponiyadan – 35,4 faiz, Pakistandan – 21,1 faiz, Qazaxıstandan – 20,4 faiz, Cənubi Koreyadan – 18,2 faiz, Niderlanddan – 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən – 17,5 faiz, Kanadadan – 17,0 faiz, ABŞ-dan – 16,0 faiz, İspaniyadan – 15,7 faiz, Hindistandan – 15,1 faiz, İtaliyadan – 13,2 faiz, Misirdən – 10,6 faiz artıb. Turistlərə göstərilən ümumi xidmətdən razılığın, könül sevindirən gözəlliklərin seyrindən doğan məmnunluğun nəticəsidir ki, ölkəmizə gələnlərin sayı ildən-ilə artır.
2024-cü ilin yanvar–may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153 min 700 nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326 min 700 nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460 min 500 nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istər yurdumuza gələrkən, istərsə də ölkədaxili səyahətlər zamanı müxtəlif nəqliyyat növlərindən istifadə etmişlər. Onlardan 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatı ilə istədikləri məkana yetişmişlər.
Paytaxtda və bölgələrdə yeni yaradılan turistik məkanların çoxalması, orada istirahət üçün yaradılan şərait nəticəsində bəzi ölkə xaricinə səfər edənlərin sayı azalıb. 2024-cü ilin yanvar–may ayları ilə müqayisədə bu il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 807 min 6 nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 25,3 faiz azalıb.
Azərbaycan vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 16,4 faizi Rusiya Federasiyasına, 11 faizi Gürcüstana, 11 faizi İrana, 25,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib. 2025-ci ilin yanvar–may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 faizi hava, 30 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Yay tətilini səmərəli keçirmək istəyən yerli əhali əsasən səfalı bölgələrimizə üz tuturlar. Azərbaycanın rayonlarında otellərin sayı əhaliyə görə az, qiymətlər baha olduğundan bütün turistlərin tələbatı ödənmir. Bu səbəbdən insanlar şəxsi evlərdə kirayədə qalmağa üstünlük verirlər. Rayonlara görə qiymətlərin dəyişməsi də istirahəti hamı üçün əlçatan etmir. Bəzi rayonlarda günlük 50–70 manatdan aşağı ev tapmaq mümkün deyil. Bəzilərində isə evlər daha baha, günlük 80–100 manat arasında dəyişir.
Maraqlısı odur ki, ev sahibləri turistlərdən “otel qiymətinə bərabər pul alsalar da, təklif olunan xidmətin səviyyəsi” otellə müqayisədə çox aşağı olur. Belə ki, “od qiymətinə” ev kirayə tutan turist yataq dəstini özüylə gətirir, onlara heç vaxt gigiyenik vasitələr verilmir. Ən əsas problem isə internetə çıxış imkanının həmişə müşkülə çevrilməsidir. Belə demək mümkündürsə, ev sahibləri həftəlik 400–500 manatın müqabilində turistlərə 4 divar və 4 çarpayı təklif etməklə kifayətlənirlər.
İqtisadçıların fikrincə, qiymətlərin bu qədər baha, xidmətin keyfiyyətinin aşağı olmasına səbəb Azərbaycanda ev turizminin inkişaf etməməsidir. Ev turizminin olmamasının əsas səbəbi turizm ənənələrinin olmamasıdır. Bu bazar tədricən formalaşır. Bəzən insanlar evlərində yad birinin qalmasına razı olmurlar. Bu problemə görə bazara təqdim edilən əmlak sayı az olur. Əmlak bazarına turistik məkanlar, şəxsi evlər çox təklif olunsa, rəqabətin sonu qiymətlərin daha sərfəli olmasına gətirib çıxarar.
Bundan başqa, turistik bölgələrdə texnologiya da aşağı səviyyədədir. Ümumi götürülsə turizm sahəsində təklif az, xidmətin keyfiyyəti isə aşağıdır. Əhalinin turistik mədəniyyət ənənələrinin yeni formalaşması lazımi keyfiyyətin əsas götürülməsinə imkan vermir.
Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar “Şahdağ”a təşkil edilən mediaturda agentliyin sədrinin müşaviri Kənan Quluzadə 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11,5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 faizə, turizm üzrə daxilolmaların 7,4 milyard manata çatacağının proqnozlaşdırıldığını bildirib.
DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5,8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.
Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramovanın fikrincə, ilkin qiymətləndirmələrə görə, ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payı 4,5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6,7 faiz olub. 2018–2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalı illik orta hesabla 3,8 faiz artıb, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyər 30 faiz yüksələrək 2024-cü ildə 3,1 milyard manata çatıb.
2017–2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 44,4 faiz, onların birdəfəlik tutumu isə 62 faizə yaxın artıb. Yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastruktur təkmilləşdirilib, yenidənqurma və bərpa işləri aparılıb, o cümlədən kanat xətləri, qonaqlara təklif olunan əyləncə növləri və atraksionlar texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirilib.
Gələn ilin mart ayında “Şahdağ”da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanılıb, yeni 10 kilometrlik xizək yolunun inşası aparılıb, bununla yanaşı, bu ilin sonuna 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsi nəzərdə tutulub. Kompleksin inkişafı və genişləndirilməsi mərhələli şəkildə həyata keçirilir və aparılan işlər davamlı xarakter daşıyır.
Yeni istirahət və əyləncə məkanlarının açılması, orada turistlərin rahat istirahəti üçün lazımi şəraitin yaradılması ölkəmizin turizm potensialının genişlənməsinə, bu da öz növbəsində Azərbaycana turist axınının daha çox artmasına şərait yaradır.
Zərifə BƏŞİRQIZI
XQ